Məmmədyarovdan ABŞ-da daha bir heç-heçə
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan “Grand Chess Tour” seriyasının beşinci mərhələsində növbəti görüşünü keçirib.
Msport.az xəbər verir ki, 37 yaşlı qrossmeyster “Sinquefield Cup” adlanan turnirin beşinci turunda Fabiano Karuana (ABŞ) ilə üz-üzə gəlib.
Ağ fiqurlarla oynayan Məmmədyarov matçın 33-cü gedişində rəqibi ilə “sülh bağlayıb”.
Təmsilçimiz ilk və üçüncü turlarda müvafiq olaraq, Uesli So (ABŞ) və Maksim Vaşye-Laqrav (Fransa) ilə heç-heçəyə razılaşıb. İkinci turda Hans Nimanna (ABŞ) uduzan Şəhriyar dördüncü turda norveçli Maqnus Karlsenlə görüşməli olsa da, hazırkı dünya çempionun turnirdən imtinası səbəbindən texniki qələbə qazanıb.
Təcrübəli şahmatçı hazırda 2.5 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Dairəvi sistemlə 9 turdan ibarət yarışın ümumi mükafat fondu 325 000 dollardır.