"Mən hakimi təhqir etməmişəm" - Okan Buruk
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Türkiyə çempionatının 6-cı turunda “Trabzonspor”la oyunun (0:4) 72-ci dəqiqəsində meydandan qovulub.
Msport.az xəbər verir ki, 87-ci dəqiqədə İstanbul klubunun yarımmüdafiəçisi Lesli Uqeçukvu da qırmızı vərəqə alıb.
Okan Buruk matçdan sonra qırmızı vərəqə aldığı epizodu belə şərh edib:
“Mən hakimi təhqir etməmişəm. Mən ona insident barədə sual verdim. O, isə mənə sarı vərəqə göstərdi. Sonra dedim ki, niyə sarı vərəqə verdin, o isə həmin an qırmızı göstərib məni meydandan çıxardı. Hakimə heç bir pis söz deməmişəm”.
“Qalatasaray”ın məşqçisi İrfan Saroğlu da məsələ ilə bağlı açıqlama verib:
“Dördüncü hakimlər təcrübəli olmalıdırlar. bizim oyunlara isə gəncləri qoyurlar və onlar ehtiyat oyunçular skamyalarını idarə edə bilmirlər. Onlar Okan Burukun dodaq hərəkətlərindən nə dediyini oxuya bilərdilər: o, heç bir təhqiramiz ifadə işlətmədi. Yalnız sarı vərəqə ilə bağlı etiraz etdi, lakin dördüncü hakim referiyə göstəriş verdi ki, baş məşqçini meydandan qov. Okan dedi ki, “mən xəttin daxilindəyəm, heç bir problem yoxdur. görmürsüz”. Hakim isə bunu “korsuz?” kimi yozdu”.







