"Məqsədlərimizə uyğun irəliləyirik" - Jorj Kaşkilya
“İmişli”nin baş məşqçisi Jorj Kaşkilya Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.
Msport.az xəbər verir ki, o, qolsuz bərabərliyi belə şərh edib:
“Öz oyunçularımı təbrik etmək istəyirəm, yüksək səviyyədə çıxış etdik. “Turan Tovuz” son oyunlarda məğlub olmur, onlara qarşı yaxşı oyun göstərdik. Bizi çətin oyun gözləyirdi, belə də oldu. İntensiv oyun oldu. “Turan Tovuz” avrokuboklarda oynamağı hədəfləmiş komandadır, oyunçuları daha təcrübəli, üstündür. Lakin bizim yarımmüdafiə xəttimiz onların kəskin hücumlarının qarşısını ala bilirdi.
Birinci hissədə hücum cəhətdən epizod yarada bilsək də, ikinci hissədə daha çətin oldu. “Turan Tovuz”un oyunçuları səviyyə baxımından üstündür. Lakin bu o demək deyil ki, biz hücumu dayandırmalıyıq. Qələbə üçün çıxmışdıq, lakin bu nəticədən də razıyıq. Çətin rəqiblə oyunda xal qazandıq”.
J.Kaşkilya komandanın uzun müddətdir qələbə qazana bilməməsinin (12-ci turdan bəri) səbəblərinə və heyətlə bağlı çətinliklərə də aydınlıq gətirib:
“Resursları limitli olan komanda üçün çətindir. “Karvan-Yevlax” və “Araz-Naxçıvan” kimi rəqiblərlə matçlarda bəxt amili bizdən üz döndərdi və qələbəni son anda əldən verdik. Bununla yanaşı, son 8 oyunun yalnız ikisində – “Qəbələ” və “Qarabağ” kimi rəqiblərə uduzmuşuq. Hazırda 10-cu pillədəki rəqibimizdən 5 xal öndəyik. Bu, ideal mövqe olmasa da, məqsədlərimizə uyğun irəliləyirik”.
Məşqçi mövsümün qalan hissəsinin ağır keçəcəyini proqnozlaşdırıb:
“Qarşıdakı son 11 oyun bizim üçün çox çətin olacaq, əziyyət çəkəcəyik. Amma buna hazırıq. Əsas ümidimiz odur ki, zədəli oyunçularımızın sayı artmasın. Bu tilsimi qırmaq və yenidən qələbə qazanmaq üçün hər matça maksimum motivasiya ilə çıxacağıq”.







