featured-image-17911

Dünya çempionatında yavaş-yavaş pley-offa vəsiqə qazanan komandalar məlum olur. Artıq on gündür ki, planetin əsas müzakirə mövzusu, mətbuatın baş xəbərləri mundialla bağlıdır. Argentina qrupdan çıxa biləcək, ya yox? Kriştianu Ronaldunun topa toxunmuşdumu? İranlı futbolçuların aqibəti necə olacaq? Bir neçə gündür ki, sosial şəbəkələrdə də əsas trendlər Qətər-2022 ilə bağlıdır.

Bütün bunların fonunda isə Azərbaycanda Premyer Liqa davam edir. Hələ bir neçə ay əvvəl PFL bəyan etmişdi ki, bizim çempionatdan mundiala gedəcək futbolçu olmadığından fasilə yaranmayacaq. Bəlkə də PFL rəsmiləri haqlıdırlar, dünya çempionatı yerli liqaya heç bir əngəl törətmir. Lakin bu məsələnin görünən tərəfidir. Aysberqin görünməyən tərəfi daha cəlbedicidir. Etiraf etməliyik ki, onsuz da Azərbaycan Premyer Liqasına (APL) maraq istənilən səviyyədə deyil, tribunalrda oyunları izləyənlər azdır, televiziyalar yerli futbola görə reklamdan cəlb edə bilmirlər. Yəni bir marka olaraq APL-in dəyəri çox aşağıdır. Mundialın gedişində isə çempionatımıza maraq bir az da azalır.

Təsəvvür edin, “Qarabağ” “Zirə” ilə oyunda xal itirib. Ağdam klubu mövsüm ərzində cəmi iki matçda heç-heçə edib deyə, bu, hadisədir. Amma ilin-günün bu vaxtında “Qarabağ”ın “Zirə” ilə qolsuz bəravbərliyi heç kimi maraqlandırmır. Avtobusa girirsən, İran-ABŞ oyunundan danışılır, bərbərə gedirsən, Braziliyanın çempion olma şansları müzakirə edilir, bazara çıxırsan, Messi-Ronaldu müqayisələri aparılır. Buna görə kimisə qınamağa da dəyməz. Dörd ildən bir keçirilən dünya çempionatında belə də olmalıdır.

Dünən maraq üçün diqqət yetirdim, adətən yerli futboldan paylaşım edən idman jurnalistlərinin də əksərinin yadına “Qarabağ” – “Zirə” və ya “Sumqayıt” – “Qəbələ” görüşləri düşməmişdi. Hərdən hətta özüm də bizdə çempionatın davam etməsini unuduram. Bütün dünya Qətərdə baş verənlərə diqqət yetirdiyi bir vaxtda Azərbaycan futboluna fokuslanmaq olmur.

Ən çox azarkeş gələn Tovuzda “Turan”ın bu tur “Sabah”la oyununu 1500 nəfər izləyib. “Qarabağ” – “Zirə” qarşılaşmasına “Azərsun Arena”da 470 nəfər baxıb. Azarkeş baxımından onsuz da məhv olmuş futbolumuz dünya çempionatı günlərində bir az da geriləyir. Argentina – Səudiyyə Ərəbistanı matçı ilə “Şamaxı” – “Turan Tovuz” qarşılaşması eyni saatda başlayırsa, təbii ki, seçim birincidən yana olacaq.

Maraqlıdır, dünya çempionatı gedən ərəfədə bizim kimi yerli çempionatı davam etdirənlər varmı? Qonşularımızdan Gürcüstan və Ermənistanda çempionat davam edir, postsovet məkanı ölkələrindən müharibə vəziyyətində olan Ukrayna, eləcə də Litva fasilə verməyib. Legionerlərin çox olduğu liqalardan Kiprlə Rumıniyada da oyunlar keçirilir.

ELNUR MƏMMƏDLİ  

Bənzər xəbərlər