Milli üzvü iki klubumuzun hədəfində - "Sabah" 200, "Neftçi" 250 min təklif etdi
“Neftçi” və “Sabah” Rusiyanın “Soçi” komandasının futbolçusu Musa Sissakonun xidmətində maraqlıdır.
Msport.az xəbər verir ki, paytaxtın hər iki təmsilçisi malili yarımmüdafiəçiyə təklif göndərib.
Lakin “Sabah”ın 23 yaşlı oyunçunu almaq cəhdi uğursuz nəticələnib. İllik 400 000 avro məvacib tələb edən Sissako bakılıların 200 000 avroluq təklifini qəbul etməyib.
“Neftçi” cəbhəsi isə gənc oyunçuya 250 000 avro maaş verməyə hazır olduğunu bildirib. “Ağ-qaralar” futbolçunu sonradan birədəfəlik almaq şərtilə icarəyə götürmək istəyir. Kapitan Emin Mahmudovun mümkün gedişini nəzərə alan klub rəhbərliyi yarımmüdafiəçi ilə daha çox maraqlanır.
Qeyd edək ki, Fransanın PSJ komandasının yetirməsi olan Musa Sissako “Soçi”dən əvvəl Belçika “Standard”ında da çıxış edib. Ötən mövsüm Rusiya təmsilçisinin heyətində 15 oyuna 1 qol vuran futbolçunun klubla 2025-ci ilin yayınadək müqaviləsi var.







