Millimizin futzalçısı: “Xorvatiyaya məğlubiyyəti unutdurmaq istəyirik”
“Oyun düşündüyümüz şəkildə keçmədi. Kobud səhvlər etdik və ardıcıl qollar buraxdıq”.
Msport.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin üzvü Ülvi Əliyev Avropa çempionatının əsas mərhələsində Xorvatiya ilə keçirilən səfər oyununu dəyərləndirərkən deyib.
O, 2:9 hesablı məğlubiyyətə görə məyus olduqlarını söyləyib: “Bir qədər diqqətli və dəqiq oynaya bilsəydik, hesab fərqli olacaqdı. Qrupumuzun favoriti olan Xorvatiya millisi Avropanın güclü yığmalarından, sonuncu dünya çempionatının iştirakçılarındandır”.
Əliyev Yunanıstanla keçiriləcək ev matçı barədə də fikirlərini bildirib: “Dünəndən məşqlərimizi Bakıda davam etdiririk. İki məşq keçmişik. Bütün diqqətimizi Yunanıstanla oyuna yönəltmişik. Uşaqlar məşqlərdə həvəslə çalışırlar. Hər birimiz qələbə qazanmaq və Xorvatiya ilə matçdakı yenilgini unutdurmaq istəyirik. Düzdür, az da olsa yorğunluq var idi. Çalışdıq bərpa prosesini yaxşı keçək”.
Futzalçı azarkeşləri matçı izləməyə dəvət edib: “Yunanıstan millisi qrup oyunlarına qələbə ilə başlayıb. Ümumiyyətlə, indi futzalda zəif rəqib yoxdur. 2 gün əvvəl keçirilən matçların nəticələrinə baxsaq, sürpriz hesablar görərik. Bu dəfə öz meydanımızda oynayacağıq. Azarkeşlərimizə səslənirəm ki, oyuna gəlsinlər, dəstəklərini əsirgəməsinlər. Onların tribunadan hər hayqırışı gücümüzə güc qatır. Onları sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
Qeyd edək ki, sabah Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Yunanıstan oyunu saat 20:00-da başlayacaq.