featured-image-25067

Azərbaycan milli komandası AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində martın 24-də Avstriya, 27-də isə İsveçlə səfərdə qarşılaşacaq. Yığmamızın baş məşqçisi Canni De Byazi Premyer Liqanın 27-ci turunun oyunlarından sonra heyəti açıqlayacaq. İtaliyalı mütəxəssis ötən tur Gəncə, Tovuz və Şamaxıya səfər edərək bölgələrdəki 3 matçı (“Kəpəz” – “Zirə”, “Turan Tovuz” – “Qəbələ” və “Şamaxı” – “Neftçi”) izlədi.

Hər həftə Azərbaycan çempionatının oyunlarına baxdığımızdan, kimin hansı formada olduğunu aşağı-yuxarı müəyyənləşdirmək çətin deyil. Bəs ölkə xaricində çıxış edən futbolçular? Legionerlərimiz De Byazinin sərəncamına hansı vəziyyətdə gəlib çıxacaqlar?

Renat Dadaşov (“Qrasshoper”)

23 yaşlı hücumçu dünən İsveçrə çempionatında “Vintertur”la matçda növbəti qolunu vurdu. Komandasının ilk qolunun müəllifi olan  millimizin üzvü 90 dəqiqə meydanda oldu. Bu Dadaşovun cari mövsümdə artıq 7-ci qolu idi. O, Hayao Kavabedən sonra “Qrasshoper”in 2-ci ən sərrast oyunçusudur. Ümumiyyətlə, yığmamızın forvardı öz komandasını tapıb deyə bilərik. Daim start heyətində meydana çıxır, məşqçi ona güvənir və əsası millinin düşərgəsinə əla formada gələcək.

Son oyunda 2:1 hesabı ilə qalib gələn “Qrasshoper” turnir cədvəlində 10 komanda arasında 7-ci yeri tutur.

Mahir Emreli (“Konyaspor”) 

Renatdan fərqli olaraq, Mahirin ideal formada olduğunu deyə bilmərik. O, Türkiyə klubuna yeni gəlib və Super Liqada cəmi 1 oyunda forma geyinib. Yığmamızın liderlərindən biri “Giresunspor”la matçda start heyətində meydana çıxdı və 58 dəqiqə oynadı. Lakin nə Mahir, nə də komanda yoldaşları qonaqların qapısına yol tapa bilmədilər – 0:0.

“Konyaspor” növbəti oyununu martın 17-də səfərdə “Qalatasaray”a qarşı keçirəcək. Ümid edək ki, Aleksandr Stanoyeviç həmin qarşılaşmada Emreliyə şansa verəcək və o, özünü yaxşı tərəfdən göstərəcək. Hər halda “Qalatasaray”a qarşı matç həm də bir vitrindir və Mahir burda özünü yaxşı tərəfdən göstərib diqqət mərkəzinə düşə bilər.

Ozan Can Kökçü (“Eyndhoven”) 

Ozan Can Niderlandın səviyyəcə II liqasında karyerasını davam etdirir. 24 yaşlı futbolçu “Eyndhoven”in əsas heyət üzvlərindən biridir. O, son turda “Yonq Ayaks”ı 5:1 hesabı ilə məğlub etdikləri görüşdə 88 dəqiqə meydanda olub. Komandasının 5 qol vurduğu qarşılaşmada Ozan Can məhsuldar hərəkətlə yadda qalmayıb. Vinger bu mövsüm “Eyndhoven”in heyətində 26 oyunda 4 dəfə fərqlənib. Ozan Can hər tur start heyətində meydana çıxdığından millinin düşərgəsinə formada gəlir.

Anton Krivotsyuk (“Tedjon Xana Sitizen”)

Krivotsyuk 2 illik Polşa karyerasını başa vurub Cənubi Koreyaya yollandı. “Visla Plotsk” dönəmini millimizin müdafiəçisinin aktivinə yazmaq olmaz. O, birinci mövsümdə 16, ikincidə isə cəmi 9 oyunda forma geyindi. Anton Koreyaya yollanandan hər 3 oyunda 90 dəqiqə meydanda olub.

Bir sözlə, Mahir Emrelini çıxmaq şərti ilə digər legionerlərin performansı qənaərtbəxşdir. Əslində Mahirə də dəqiq qiyməti “Qalatasaray”la matçda vermək olacaq. Ən vacibi isə bu “dördlüy”ün millimizin düşərgəsində də gözləninənləri verməsidir.

ELNUR MƏMMƏDLİ 

Bənzər xəbərlər