"Mirabdulla Abbasovda lazımi performansı görmədim" - Laurentsiu Reqekampf
“Bu nəticədən və oyundan şadam. Çoxlu qol şansı yaratdıq. Bəzi epizodlarda qol vura bilmədik. Bizim futbolçular hər zaman rəqibi təzyiq altında saxlayırdı. Yenə qapımızda penalti gördük. Şadam ki, oyunçularım özlərinə gələrək qələbə topunu vura bildilər”
Msport.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Reqekampf “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri oyunundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis bildirib ki, son 2 turda qapılarına 5 dəfə penalti təyin olunması onu da təəccübləndirib: “Deyə bilmərəm ki, bizim komandada nizam-intizam yoxdur. Ataa Caber sürüşmə fəndi etdi, ancaq futbolçuya dəymədi. Əgər hakimlər belə görübsə, deməli, penaltidir. Mənim üçün də maraqlıdır ki, 2 oyuna qapımıza 5 penalti təyin olunur”.
O, “Sabah”la matçda da çoxlu qol vəziyyətləri yaratsalar da, qələbə qazana bilmədiklərini bildirib: “Son 2 oyunda bəxtimiz gətirmədi. Həmin vəziyyətlərdən yararlansaydıq, vəziyyət fərqli olardı. Məncə, futbolçular da çempionatın fərqinə varmalıdır. Bəzən kənardan mənə elə gəlir ki, biz alovla oynayırıq. Onunla da çox oynayanda özün yanmağa başlayırsan. Düşünürəm ki, futbolçularımın özlərini göstərmək imkanları var. Deyərdim ki, hücumlarda bizə kömək edəcək yaxşı sol cinah müdafiəçisi də tapmışıq. Bəzi çatışmayan mövqelərə oyunçuları da növbəti vaxtlarda transfer etmək mümkün ola bilər”.
Reqekampf icarəyə verilmiş Mirabdulla Abbasov haqqında da danışıb: “Mən Allah deyiləm ki, deyim kimsə yaxşıdır, kimsə pisdir. Mən sadəcə, Mirabdula Abbasovda lazımi performansı görmədim. Onun özünü göstərib yenidən bizim komandaya qayıtmaq şansı var”.
“Neftçi”nin baş məşqçisi bu matçın start heyətində qapıçı dəyişikliyinin səbəbini də açıqlayıb: “Mən İvan Brkiçin yerinə qapıya Aqil Məmmədovu qoymağımın səbəbi legioner limiti ilə bağlı idi. Bildiyiniz kimi, Azər Əliyevin yerli pasportu yoxdur. Ona görə də onun üzərində seçimi etdim. Düşünürəm ki, düzgün qərar verdim və o bizim üçün qələbə topunu vurdu. Onun meydandan çıxması isə zədə amili ilə bağlı deyil. Sadəcə, “sudurğa”sı (qıcolma) tutdu deyə əvəz olundu”.