featured-image-29014

“Səbail” Azərbaycan Premyer Liqasının 32-ci turunda səfərdə “Qəbələ”yə 2:4 hesabı ilə məğlub olub.

Msport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:

– “Qəbələ”ni təbrik edirəm. İlk 45 dəqiqədə komanda bacardığını göstərə bilmədi. Kimin nə etdiyini bilmək olmurdu. Erkən dəyişikliklərə getdik. Oyunun axarını dəyişə bildik. Hücumlarımız davam edirdi. İkinci hissədə komandam xarakter göstərdi. 1 xal qazanmağa yaxın idik. Amma ilk hissədəki bərbar oyunumuz buna imkan vermədi.

– Oyundan sonra hakimlərlə nə danışırdınız?

– Təşəkkür elədim. Hansısa yanlışım var idisə, üzr istədim.

– İkinci hissədə komandanız daha yaxşı oynadı. Fasilədə futbolçulara nə dediniz?

– Çox emosional şəkildə futbolçulara sözlərimi dedim. “Qəbələ” çox asan şəkildə oynayırdı. Uduza bilərsən, amma mübarizə aparmayıb uduzmaq çox pisdir. Futbolçularla sərt danışığım oldu.

– 13 gün ərzində “Qəbələ”yə 3 dəfə məğlub oldunuz. Rəqibi çözə bilmədiniz?

– Kubok tamam başqadır. Bizim heyət o qədər geniş deyil. 17 gün ərzində 5 oyun keçirdik. Bilirdim ki, ehtiyat qüvvəmiz çatmayacaq. Bu gün keçən oyunla nisbətdə heyətdə 6 yeni futbolçu var idi.

– Futbolçular ilk hissədə çox vecsiz idilər. Bunun səbəbi nə idi?

– Bəli, ilk hissədə komandamı tanımırdım. Buna qədər olan oyunlarda belə deyildilər. Motivasiya baxımından hər şey demişdim futbolçulara. Hər matç bizim üçün finaldır. Ola bilər ki, futbol alınmasın. Amma mübarizə də yox idi. Məni ən çox məyus edən budur. Oyun alınmırsa, heç olmasa, vuruşmaq lazımdır. İkinci hissədə “Səbail” üzünü göstərdi.

– İlk hissədə Elmir Tağıyevin əvəzlənməsi nə ilə bağlı idi?

– Mərkəzdə oyunu uduzurduq. “Qəbələ” sanki uşaqlarla oynayırdı. Ona görə dəyişiklik etdim. Elmir yaxşı futbolçudur. Amma bu gün oyunu alınmadı. Sarı vərəqəsi də var idi. Bunu nəzərə alıb onu əvəzlədim.

– Elmir Tağıyev oyundan çıxanda sizinlə görüşmədi. Bu haqda nə deyə bilərsiz?

– Futbolçu emosional idi, hər hərəkətə hazır idi. Mən həmişə oyundan çıxan futbolçularla görüşürəm. Amma Elmirin durumunu nəzərə alıb görə ona yaxın getmədim. Həmin anda özünü idarə edə bilmirdi. Çox məyus idi. Mən onunla görüşmədim, o mənimlə yox.

– Kizito Luvaqo son vaxtlar fiziki cəhətdən zəif görünür. Bunun səbəbi nədir?

– 27 futbolçum var. Hamıya eyni yüklənmə veririk. Kizito zədədən sonra bir az geriləyib. Neçə dəfə şans vermişəm, alınmır. Məşqdə də görürdüm ki, Mirabdulla daha yaxşıdır. Buna görə də ona şans verdim.

– Son turda əsas rəqibiniz olan “Şamaxı” ilə qarşılaşacaqsız. Sizcə, Premyer Liqada qalmaq məsələsi son tura qalacaq?

– İstəmirəm ki, son tura qalsın. Qarşıdakı 3 oyundan maksimum yararlanmağa çalışacağıq. Bu görüşlərdə qələbə qazana bilərik. Son tur adətən lotoreyadır. Hər iki komanda basqı aldında olacaq. Meydanda futbol yox, mübarizə gedəcək. Minimum 30 xalla çempionatda qalmaq olar.

– “CBC Sport”a müsahibənizdə dediniz ki, VAR-a inanmıram. Sizcə, hakimlər “Səbail”ə qarşı qərəzlidir?

– Əvvəllər qərəzli olduqlarını düşünmürdüm. Amma son vaxtlar gördüklərim belə düşünməyimə səbəb olur. Hakim VAR-a gedəndə bilirdim ki, penalti verməyəcək. Əks tərəfə olsaydı, verərdi. Çox yorulmuşam.Hakimlikdən danışmaq istəmirəm. (Sportal)

Bənzər xəbərlər