featured-image-5916

Azərbaycan Respublikasında minimum əmək haqqı 300, orta aylıq əmək haqqı isə 825 manatdır. Qiymətlərin günü-gündən qalxdığı, şəhərin mərkəzində az qala hər küçədə 4-5 dilənçinin qarşımıza çıxdığı məqamda bu vəsaitin ən vacib tələbatları ödəmədiyi hər kəsə aydındır.

Azərbaycan yığmasının futbolçuları Millətlər Liqasında Belarus üzərində qələbəyə (2:0) görə 30 min manat mükafat alacaqlar. Həmin Belarus ki, oyununa baxanda adamda elə təəssürat yaranırdı ki, bu komanda Bakıya gəlməmişdən əvvəl təsadüfən aeroportun yaxınlığında bir araya gəlib bir-iki məşq edib təyyarəyə oturub.

Qələbə həmişə şirindir, vacibdir, lakin gəlin etiraf edək ki, Belarus üzərində qalibiyyətə görə 30 min həddən artıq böyük puldur. Əslində 30 min məsələsi rəsmən heç yerdə təsdiqlənməyib. Ancaq iş orasındadır ki bu xəbər AFFA tərəfindən rəsmən təkzib də olunmayıb.

Bildiyim qədər 30 min məsələsi heç də feyk xəbər deyil. Hətta elə həmin Belarusla səfərdəki bərabərliyə görə də mükafat nəzərdə tutulub.  Bu məsələdə ən sonuncu ittiham olunası şəxslər məhz futbolçulardır. Yəqin ki, onların yerində biz də olsaq, pulu alıb işimizə-gücümüzə,  problemlərimizin həllinə xərcləyərdik. Bəs ilin-günün bu vaxtında 30 min verənlər?

Təxminən on gün öncə bütün ölkə qazilərin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin önündəki aksiyasının şahidi oldu. Adamlar minimum ehtiyacları üçün nazirliyin binasına daxil olmaqdan belə çəkinmədilər. Bu həmin şəxslərdir ki, müharibə vaxtı onlar hansısa kəndi azad edəndə daha böyük ərazi gözləyirdik, hansısa rayon mərkəzini qanları hesabına düşməndən xilas edəndə isti evimizdə oturub mürəbbəli çay içə-içə “niyə belə gec oldu” deyə mızıldanırdıq. İndi həmin insanların ehtiyaclarını ödəmək böyük problemə çevrilib.

Amma Belarus üzərində qələbəyə bu qədər pul tapılır.  Deyə bilərsiniz ki, dünyanın hər yerində futbolçular əla qazanır, Messinin, Ronaldonun şəxsi təyyarələri, “topdağıtmaz” sərvətləri var. Bununla mən də razı. Amma adını çəkdiklərim gəlirlərinin 95 faizini klubdan əldə edirlər, yığmadan yox. Milli komandada mükafat uzaqbaşı hansısa böyük turnirin final mərhələsinə vəsiqə qazanan vaxt olur. Bizdə də yığma üçün şərt qoya bilərdilər ki, Millətlər Liqasında qrupda 1-ci yeri tutsaz, filan qədər pul alacaqsız. Yoxsa sınıq-salxaq Belarus üzərində qələbəyə görə adama 30 min verməyə dəyər?

ELNUR MƏMMƏDLİ

Bənzər xəbərlər