"Musa Qurbanlı ən pis halda Avropa futbolunu dadacaq"
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının İsveçin “Yuroqrden” klubuna keçidi idman ictimaiyyətində birmənalı qarşılanmayıb. 21 yaşlı futbolçunun bu yaşda Avropaya üz tutmasını doğru sayanlar olduğu kimi, tələsdiyini düşünənlər də var.
Lakin millimizin sabiq futbolçusu, hazırda menecerliklə məşğul olan Ceyhun Sultanov bu fikirdə deyil. O, Msport.az saytına açıqlamasında Musanın kifayət qədər düzgün addım atdığını bildirib:
“Bundan başqa, “Qarabağ” rəhbərliyi də onu buraxmaqla doğru hərəkət etdi. Klub var ki, futbolçu getmək istəyir, amma icazə vermir. İndiki məqamda ən düzgün addımı atdılar. Bu yaşda getməsi daha məsləhətlidir. Gec olsaydı, nələrin baş verəcəyini demək çətindir. Həm ötən mövsüm yaxşı performans sərgilədi. İstər-istəməz tələbat var. Həm də özünü gənc yaşda Avropada sınamağa getdi. Gec getsəydi, alınmaya bilərdi. Alınsa, daha yaxşı yerlərə gedəcək. Musa yaxşı hücumçudur. Xarakter baxımından da atasına oxşayır. Kənardan belə görünür. Ən pis halda Avropa futbolunu dadacaq. Allah eləməsin, işləri düzgün getməsə, yenidən Azərbaycanda oynamaq şansı var. Məncə, kifayət qədər ağıllı gediş idi”.
Qeyd edək ki, Musa Qurbanlı “Yurqorden”lə 3 illik müqavilə imzalayıb.







