featured-image-31850

AFFA İcraiyyə Komitəsi uzun illərdən sonra nəhayət ki, idman prinsiplərini qoruyub Premyer Liqada sonuncu yeri tutan komandanın aşağı düşməsi barədə qərar qəbul etdi. Əslində İcrakomun belə məsələlərdə bir qədər formal qurum olduğunu nəzərə alsaq, alqış federasiyanı idarə edən şəxslərə düşür. Daha doğrusu, baş katib Sərxan Hacıyevə.

Gənc kadr il ərzində bir neçə dəfə bəyan etdi ki, mütləq şəkildə son pillədə olan klub yüksək liqa ilə vidalaşacaq. Açığı son ana qədər hamımızın ürəyində bir şübhə var idi ki, yəni bu baş tutacaq? İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarovun iclas başa çatar-çatmaz verdiyi açıqlama isə bizdə o qənaəti yaratdı ki, “yenə bütün bunlar boş sözlər imiş”. Amma sonradan məlum oldu ki, boş danışan elə XİN-nin keçmiş rəhbəridir.

Sərxan Hacıyev qısa müddət ərzində özü haqqında müsbət rəy formalaşdıra bildi. Hələ ilk dəfə İTV-nin efirində gördük ki, bu insan sələfləri kimi hər şeyi boynundan atıb özünü təmizə çıxarmır və ən əsası tənqidə sağlam yanaşır. Amma hiss olunur ki, hələ də sərbəst işləməyinə, ideyalarını həyata keçirməyə kifayət qədər maneələr var. İllərdir AFFA-ya ən radikal mövqe nümayiş etdirən həmkarlarımızın belə yeni baş katib haqqında fikirləri yaxşıdır. Hər kəs ümid edir ki, o, federasiyada islahatlar aparacaq, ən azı doğru-düzgün mövqe tutacaq, yalnız öz qohum-əqrəbası, dostları üçün şərait yaratmayacaq.

Dünən minifutbol üzrə Azərbaycan çempionatının final oyunundan sonra baş katiblə media nümayəndələrinin ayaqüstü görüşünün şahidi oldum. S.Hacıyev səbrlə, sonadək bütün jurnalistləri dinləyir, onların iradlarına, təkliflərinə adekvat münasibət göstərir, hərdən hətta tənqid olanda utandığından qızarır da. Bur anlıq mənə elə gəldi ki, mətbuat nümayəndələrinin qarşısında AFFA-nın baş katibi yox, utancaq, dürüst, saf bir gənc dayanıb. Hiss olunur ki, insan kübar, mədəni və ən əsası dürüstdür.

Ümid edək ki, Sərxan bəy illərdir AFFA haqqında yaranmış mənfi imici aradan qaldıra biləcək. Təbii ki, asan olmayacaq və bu, bir-iki günün işi deyil. Bunun üçün xeyli güc və enerji sərf etməli olacaq. Çünki ona badalaq quran, işinə mane olan elə o boz binanın içindən olacaq.

ELNUR MƏMMƏDLİ 

Bənzər xəbərlər