"Nahid Əliyevə qarşı haqsızlıq edilmişdi" - AFFA Hakimlər Komitəsinin sədri
AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek Nahid Əliyevin ittihamlarına cavab verib.
Msport.az xəbər verir ki, Əliyev sportinfo.az saytına müsahibəsində Fritz Ştuxlikin dövründə gözlənilmədən Premyer Liqada hakimlikdən uzaqlaşdırıldığını bildirib. Onun sözlərinə görə, AFFA Hakimlər Komitəsində rəhbərlik dəyişdikdən sonra söz verilib ki, məsələ araşdırılacaq və haqsızlıq aradan qaldırılacaq: ”
İyulun 26-da Premyer Liqa, I divizion oyunlarını idarə edəcək, VAR-da olacaq bütün hakimlərin adları təsdiq olunub. Mənim adım isə siyahıda yoxdur. Soruşanda ki, mən niyə yoxam, dedilər narahat olma, sən laysmansan, lisenziyasız da edə bilərsən. Bunu mənə həm AFFA-nın baş katibi Sərxan Hacıyev, həm də Hakimlər Komitəsinin sədri Barış Şimşek demişdi. Sonradan Barış bəylə görüşdüm, sadəcə o mənə söz vermədi. Dedi ki, yalnız 6 aydan sonra qayıdıb Premyer Liqa oyunlarına təyinat ala bilərsən. Onda başa düşdüm ki, burda başqa məsələ var.
Yəqin ki, haqqımı tələb etdiyimə görə, belə oldu. 8,5 bal qiymət aldıqdan sonra 6 tur təyinat almamışam. Bunun səbəbini soruşanda Ştuxlik dedi ki, “istəyərəm, sənə 6 oyun ardıcıl təyinat verərəm, istəyərəm vermərəm. Bu, mənim səlahiyyətimdə olan məsələdir. Elxan Məmmədov da eyni şeyi dedi”.
18 illik hakimlik karyerası olan Nahid Əliyevin ittihamlarına Barış Şimşekin cavabı belə olib:
“Nahid bir az haqsızlıq edir. Mən Hakimlər Komitəsinin sədri olduqdan sonra baş katib Sərxan Hacıyev mənə dörd nəfərin adını verdi və dedi ki, “keçmiş dönəmdə bu adamlar haqsızlığa məruz qala bilərlər, bunu araşdırın, zəhmət olmasa”.
Araşdırdım və məlum oldu ki, həmin dörd hakimə qarşı haqsızlıq edilib. Onların arasında Nahid Əliyev də var idi. Bu hakimlərin dördü ilə də danışdım. Onlar bir kateqoriya aşağı liqada oyun idarə etməli idilər. Nahid Premyer Liqadan I diviziona, digər iki nəfər isə I diviziondan aşağı liqaya. Üçü ilə də eyni cür, eyni sözlərlə danışdım. Üçünə də dedim ki, bəli, sizə qarşı haqsızlıq olub, bunu qəbul edirəm. Lakin artıq siyahı təsdiqlənib, buna müdaxilə etməyə hüququm yoxdur. Dünyanın heç bir yerində də belə şey etmək olmaz. I dövrə başa çatana kimi siyahıya dəyişiklik etmək mümkün deyil. Amma dedim ki, I divizionda bir az hakimlik et, sonra yenidən qayıdarsan, Premyer Liqaya. Onsuz da görürəm ki, yaxşı hakimsən. Qış fasiləsindən sonra yanvarda yenidən Premyer Liqada təyinat alarsan. Daha nə edə bilərdim ki?
Ona da bildirdim ki, formanı qoruyub saxlasan, böyük ehtimalla belə olacaq. Bu məsələ ilə bağlı baş katib Sərxan bəyə də məlumat verdim. Lakin Nahid hakimlikdən getmək qərarı verdi. Hətta seminarda hakimlərlə görüşmək üçün icazə də istədi. Gəldi, vidalaşdı. Amma sonra fərqli danışmağa başladı. Biz Nahidlə bir-birimizi tanımırıq. Tanımadığımız insanlar haqqında danışarkən, başqa şeylər axtarmamaq gərəkir. Müsahibədə adı çəkilən Taleh Məmmədova I divizionda təyinat verdik. Nahid mənimlə görüşəndə bir cür danışdı, sonra fərqli”. (CBC Sport)







