Naxçıvanda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək
Naxçıvanda 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcək.
Msport.az xəbər verir ki, bununla bağlı Ümumdünya Şahmat Federasiyası (FİDE) qərar qəbul edib.
Bildirilib ki, yarışa hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açıb, muxtar respublikada şahmatın inkişafı sahəsində görülən işlərdən bəhs edib.
Naxçıvan Şahmat Federasiyasının sədr müavini, Təşkilat Komitəsinin üzvü Emin Hacıyev olimpiadaya hazırlıq işləri ilə bağlı məlumat verib. Qeyd olunub ki, Naxçıvan Şahmat Mərkəzində təmir işləri aparılıb, FİDE-nin standartlarına uyğunlaşdırılıb, elektron şahmat lövhələri alınıb. Olimpiadanın rəsmi internet səhifəsi və əsasnaməsi hazırlanaraq Beynəlxalq Şahmat Federasiyasına göndərilib və məlumatlar federasiyanın rəsmi internet səhifəsində yerləşdirilib. Bu günədək 25 ölkədən 34 komanda qeydiyyatdan keçib.
Azərbaycan Şahmat Federasiyasının prezidenti, Təşkilat Komitəsi Sədrinin müavini Mahir Məmmədov olimpiadaya yüksək səviyyədə hazırlığa görə Ali Məclisin Sədrinə minnətdarlıq edib, Naxçıvanda ölkə səviyyəli yarışlarla yanaşı, dünya səviyyəli turnirlərin da təşkil olunduğunu, Naxçıvan Şahmat Mərkəzinin müasir səviyyədə qurulduğunu, oyunların keçirilməsi, hakimlərin təşkilatlanma və idarəetməsi, azarkeşlərin rahat şəkildə oyunları izləməsi üçün bütün şəraitin olduğunu bildirib, olimpiadaya hazırlıq və yarışların keçirilməsi ilə bağlı məsələlərdən danışıb.
Vasif Talıbov müşavirədə aidiyyəti üzrə tapşırıqlar verərək olimpiadanın yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib, qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.
Ümumdünya Şahmat Olimpiadası bu ilin oktyabrında təşkil olunacaq.