Nazir gələcəyin məşqçiləri ilə görüşdü
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan İdman Akademiyasında (AİA) məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşüb.
Msport.az xəbər verir ki, görüşdə ingilis dilində tədris prosesinin təşkili məsələləri geniş müzakirə edilib.
Məşqçilik ixtisası üzrə təhsil proqramının yenilənməsinin vacibliyini vurğulayan Fərid Qayıbov tədrisin ingilis dilində aparılmasının zəruriliyi və bunu doğuran səbəblər, eləcə də tələbələrin dil bacarıqlarının inkişaf dinamikası ilə bağlı müəllimlərlə müzakirə aparıb. Daha sonra tədris prosesinin təşkilinin gedişi və tələbələri narahat edən məsələlərlə bağlı onların fikirlərini öyrənib.
Qeyd edək ki, gənclər və idman nazirinin təşəbbüsü ilə AİA-da ilk dəfə tədrisi ingilis dilində aparılan məşqçilik ixtisası üzrə qəbul həyata keçirilib. Bu pilot layihədə bir il ərzində tələbələr ingilis dili və bəzi ixtisaslar üzrə təhsil alacaqlar. Digər ixtisaslar isə növbəti illərdə tədris olunacaq.