Nazir paralimpiyaçılarla görüşdü
Ötən ay ərzində Azərbaycanı nüfuzlu beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüş olub.
Gənclər və İdman Nazirliyin mətbuat xidmətindən Msport.az-a verilən məlumata görə, Azərbaycan İdman Akademiyasının akt zalında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Sonra gənclər və idman naziri Fərid Qayıbov Paris Yay Paralimpiya Oyunlarında yüksək nailiyyətlərə görə Prezident İlham Əliyev tərəfindən təltif edilmiş paralimpiyaçılara və onların məşqçilərinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 1-ci dərəcəli, 2-ci dərəcəli, 3-cü dərəcəli “Vətənə xidmətə görə”, 1-ci dərəcəli, 2-ci dərəcəli, 3-cü dərəcəli “Əmək” ordenləri və “Tərəqqi” medallarını təqdim edib.
Sonra Fərid Qayıbov ay ərzində beynəlxalq yarışlarda nailiyyət qazanan idmançıları təbrik edərək ötən ayın yeniliklərlə, tarixi ilklərlə zəngin ay olduğunu qeyd edib. Sonra yarışlarda idmançıların qələbələrini əks etdirən videoçarx nümayiş olunub.
Görüşdə akrobatika gimnastikası, aerobika gimnastikası, atletika, bilyard, bədii gimnastika, cüdo, kamandan oxatma, aba, alış, qazaq güləşi, sumo, parataekvondo, paraüzgüçülük, paraatletika, paracüdo, parabadminton, karate, kikboksinq, taekvondo, yunan-Roma güləşi, qadın güləşi, sərbəst güləş, çimərlik güləşi, savat idman növləri üzrə idmançılar çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.