featured-image-1932

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 23-cü turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (1:1) sonra əyalət klubuna ağır cəzalar verdi. “Qəbələ”yə üst-üstə 9600 manat cərimə kəsildi. Klubun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün 4000, kənar şəxs meydana daxil olduğu üçün 1600 və baş məşqçi Elmar Baxşıyev hakimi təhqir etdiyinə görə 4000 manat. Bundan başqa, Baxşıyev birbaşa qırmızı vərəqə ilə cəzalandırıldığı üçün dördü şərti olmaqla, 5 oyun cəzalandırıldı.

“Qəbələ”nin baş meneceri Nail Kərimov msport.az-a açıqlamasında baş məşqçilərinə verilən qərarın həddən artıq ağır olduğunu söylədi:

“İntizam Kimitəsinin qərarlarını müzakirə etməzdən öncə daha əvvələ qayıtmaq lazımdır ki, bu prosseslər hardan və necə başlayı. II dövrə başlayandan demək olar ki, hər oyunda nəticəyə təsir edən səhvlərlə üzləşirik. Amma hakimlər bizə qarşı bu cür davranışı davam etdirirlər. “Sumqayıt”la matçda isə artıq pik həddə gəlib çatdı. Meydanda baş vberənlərdən başqa, baş məşqçimiz Elmar Baxşıyevə göstərilən qırmızı vərəqə də çox təəccüblü idi. Çünki Elmar müəllimin təmkinini, səbrini bilirik, etikasına bələdik. O, qeyri-etik ifadələrdən uzaq olan adamdır. Bu oyunda da hakimlərə, onların şəxsiyyətinə toxunacaq bir söz deyilməyib. Sadəcə, emosiyalarını bir qədər çılğın formada bildirib. Futbol da emosional oyundur, burda sakit oturmaq, sakit dayanmaq mümkün deyil və xüsusən də hakimlər səbəb yaradırlarsa. Mən bildiyimə görə, Rauf Cabbarov sarı vərəqə göstərmək istəyirmiş, dördüncü hakim deyib “qırmızı ver”. Nəyə görə qırmızı vərəqə? Bunun səbəbini başa düşə bilmirik. Çempionatın ən gərgin vaxtında…məşqçimizə qırmızı vərəqə verdirmək. Nə məqsəd güdürlər, nə istəyirlər, bilmirik. Bu ifadəni qətiyyən təhqir adlandırmaq olmaz. Bundan sonra İntizam Komitəsinə nə desək də, qərar dəyişən deyil. Yenə yaxşı tərəfi odur ki, 5 oyundan dördü şərtidir. Məşqçimizlə də danışmışıq ki, bundan sonra daha emosiyalarını cilovlasın. O da zarafatla deyib ki, bundan sonra o şərti cəza müddətini Lobanovski kimi sakit oturub keçirəcəyik”.

Bənzər xəbərlər