"Nə qədər danışsam da, onlar bunu unuda bilməyəcəklər" - Qurban Qurbanov
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinnin “Viktoriya Plzen”ə 1:2 hesabı ilə uduzdu. Ağdam klubu mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək. Msport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi oyunu belə şərh edib:
“İnanın çox razıyam. Ağır komandaya qarşı oynayırdıq. Polşadakı oyundan bu yana demək olar ki, bütün görüşlər pley-off səviyyəsində idi. Alınmadı, desəm, düz olmaz. İlk hissədə üstünlıük bizim tərəfimizdə oldu. Fasilədən sonra cüzi səhvlər oldu və rəqib bundan istifadə etdi. Çox çalışdıq, Azərbaycan futbolunu xaricdə layiqincə təmsil edək. Futbol səhvlər oyunudur. Rəqib bu səhvlərdən istifadə edə bildi.
“Qarabağ”ın baş məşqçisi paltardəyişmə otağında oyunçuların məyus olduğunu bildirib: “Futbolçulardan göz yaşı axıtmayanı görmədim. Çalışdım ki, paltardəyişmə otağında onlara dəstək olum. Bu, futbolun incə hissəsidir. Nə qədər danışsam da, onlar bunu unuda bilməyəcəklər. Lakin onların yanındayam, onların dostuyam. Futbolçularımın arxasındayam”.
Qurbanov komandasının Avropa Liqasının qrup mərhələsindəki hədəflərindən də danışıb: “Avropa Liqasını Çempionlar Liqasından ayırmıram. Orada elə komandalar olur ki, ÇL-də oynamağa haqq edirlər. Püşkatmanı gözləyəcəyik. Ondan sonra dəyərləndirəcəyik. Komanda, klub olaraq böyümək istəyirik”.