"Neftçi" Müşahidə Şurası üzvlərinin evcik-evcik oyunu - FOTO
İyunun 14-ü olub, “Neftçi”dən hələ də səs-səmir yoxdur. Biabırçı mövsüm keçirən klubda əsaslı dəyişiklər olacaq, yoxsa yenə də “köhnə hamam, köhnə tas” məsəli ilə işlər davam etdiriləcək? Hələ ki bu sualların cavabı məlum deyil. İyunu yarılasaq da, paytaxt klubunun Müşahidə Şurası (MŞ) bir yerə toplaşıb qərar verə bilmir.
“Ağ-qaralar”ın yeni mövsümə Laurentsiu Regekampfla davam edib-etməyəcəyi də hələki cavabı dəqiqləşməyən suallardandır. Bir tərəfdən də komanda yeni transferlər edir, Emil Balayevlə müqavilə bağlanıb, sırada növbə Filip Ozobiçindir. Yeni futbolçuların alınması rumıniyalı məşqçi ilə yolların davam edəcəyi qənaətini yaradır.
“Neftçi” azarkeşləri isə səbirsizliklə MŞ-nın toplantısını gözləyirlər, klubun gələcəyinə yönəlik hansısa addım atılar ümidi ilə. MŞ-nın üzvü Zaur Qəhrəmanov mövsümün sonunda komandanın çıxışını mətbuatda “biabırçılıq” kimi qiymətləndirsə də, aydın məsələdir ki, o, indi əvvəlki təsir gücünə malik deyil. Qəhrəmanov “SOCAR Turkey”ə rəhbərlik edərkən, “Neftçi”də əsas idarəedici şəxs idi. Lakin oradan çıxarılıb SOCAR prezidentinə müşavir göndərildikdən sonra əvvəlki nüfuza malik deyil.
“Neftçi” camiası MŞ-dan obyektiv qərarlar gözlədiyi bir vaxtda şuranın üzvlərindən biri Elm və təhsil naziri Emin Əmrullayevin yadına klub ancaq sosial şəbəkədə düşür. O da futbol yox aa, basketbol klubu “Neftçi”. 3X3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində heyəti başdan-başa legionerlərdən ibarət olan “Neftçi” qalib gəlib.
Cənab nazir isə bu komandanı sosial şəbəkədə təbrik edəndə “Neftçi”nin adını dırnaqda yazmağı ya unudub, ya ümumiyyətlə, bundan xəbərsiz olub.
Daha sonra Əmrullayev SOCAR prezidenti, “Neftçi”nin MŞ-nın sədri Rövşən Nəcəfi tağ edərək “Rövşən müəllim, böyük qələbələrimiz hələ irəlidədir! Növbəti mövsüm fərqli “Neftçi” PFK olacaq, deyirlər” yazıb. Maraqlıdır ki, Müşahidə Şurasının üzvləri yığışıb vacib qərar vermək əvəzinə sosial şəbəkədə “evcik-evcik” oynayırlar.
Amma “Neftchi Baku” fan page səhifəsi buna biganə qalmayıb. Onlar “bəylər, Müşahidə Şurasının iclasını burada yox, yerində edib düzgün qərarlar vermək lazımdır, sözdə yox, əməldə fərqli “Neftçi” olmalıdır. Amma hələ ki əməldə heç nə yoxdur, fərq yalnız sözlərdədir. Heç olmasa, lazımsızları klubdan göndərin, yəqin ki, buna gücünüz çatar, amma baxıram ki, sizin üçün dəyişən heç nə yoxdur” yazıb.
AYXAN








