“Neftçi”nin əsas problemi maliyyə ilə bağlıdır” - Ceyhun Sultanov
“Maraqlı və sürətli oyun olsa da, “Neftçi” yaxşı təsir bağışlamadı. Topu rəqibə verdilər, onlar da bundan maksimum istifadə etdilər”.
Bunu Msport.az saytına açıqlamasında futbol agenti Ceyhun Sultanov Premyer Liqanın XVI turunda “Neftçi”nin “Qarabağ”a 0:4 hesabı ilə uduzduğu oyun barədə danışarkən deyib.
Veteran futbolçu “ağ-qaralar”ın rəqibdən çəkindiyini bildirib: “Qorxaq futbol oynadılar. Halbuki heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Amma nəyə görəsə komanda kimi sistemli şəkildə oynaya bilmirlər. Bəziləri yaxşı oynamağa çalışırlar. Amma qarşılarındakı özlərindən daha keyfiyyətli olanda oyunları alınmır. Düşünürəm ki, “Qarabağ” dünən yaxşı oyun göstərdi və vacib qələbə qazandı. Əfsuslar olsun ki, bu istəyi “Neftçi”də görə bilmədik. Hesab oyuna görə oldu. “Neftçi” oyun ərzində təhlükəli hücum belə, yarada bilmədi”.
Paytaxt klubunun sabiq idman direktoru flaqmanın əsas problemini də açıqlayıb: “Bir nömrəli problem maliyyə ilə bağlıdır. Büdcə vaxtında təsdiqlənmədi. İkinci məsələ tez-tez dəyişikliklərin olmasıdır. Həmçinin futbolçu çatışmazlığı var. Məsələn, bu gün yerli futbolçularla bağlı axsamalar nəzərə çarpır. Yaxşı legionerləri var, amma ehtiyatda olanlar o səviyyədə deyil. Məncə, “Neftçi” çempion olmaq istəyirsə, 2 əsas heyət qurulmalıdır. Bu gün isə hələlik yoxdur”.
Sultanov klubun Müşahidə Şurasındakı son dəyişikliklərdən sonra baş verə biləcək mümkün yeniliklərə də toxunub: “Hərənin beynində öz fikirləri var. Onlar da öz ideyalarını göstərmək istəyirlər. Nəsə etməyə çalışacaqlar. Amma indidən nəsə deyə bilmərəm. Zamana ehtiyac var. Yalnız görüləcək işlərdən sonra fikir bildirmək olar”.