"Neftçi"nin kreativ addımı və vur-tut 1300-1500 baxış
“Neftçi” çərşənbə axşamı saat 23:00 radələrində ölkə futbol ictimaiyyətini bir yerə toplaya bildi. Yeni baş məşqçi ilə bağlı informasiyanın tam məxfi saxlanılması öz işini görmüşdü. Son ana qədər kimi Ertuğrul Sağlamı gözləyirdi, kimi Kaxaber Tsxadadzeni, kimi də məchul xorvat mütəxəssisi.
Allah tərəfi, media marketinq işində xeyli öndə olan “ağ-qaralar” bu dəfə də baş məşqçilərini fərqli təqdim edə bildilər: birbaşa “Neftçi Tv”nin studiyasına dəvət edərək Laurentsiu Regekampfı canlı yayımda tanıtdılar. Düzdür, yayım deyilən kimi 11 tamamda başlamadı, arada “Ay Zaur” verlişindəki kimi qonağın studiyaya gəlməsi süni şəkildə bir az yubadıldı, amma bu da marketinqin, reklamın təməl prinsiplərindən sayıla bilər.
Bütün bunlar öz yerində məni ən çox maraqlandıran canlı yayımda “Neftçi Tv”ni həmin vaxt nə qədər adamın izləyəcəyi idi. Təsəvvür edin, ölkənin ən köklü, daim çempionluq uğrunda mübarizə aparan klubu baş məşqçisinin adını açıqlayır və canlı yayımda bu tarixi hadisəyə təxminən 1300-1500 nəfər baxır. Əslində bu rəqəm həm də Azərbaycan futboluna marağın real göstəricisidir. Əminəm ki, Ağ Partiyasının sədri Tural Abbaslının və ya Qabil Məmmədovun videolarına, canlı yayımlarına baxış qat-qat çox olur. Hələ siyasət o yana qalsın, ona da əminəm ki, “Qalatasaray” və ya “Fənərbaxça” canlı yayımda baş məşqçilərini o cür açıqlasaydılar, Azərbaycanda ona baxan Regekampfa baxandan daha çox olacaqdı.
Təəssüf ki, Azərbaycan futboluna maraq günü-gündən aşağı düşür. Bunu Premyer Liqa oyunlarına gələn azarkeş sayı ilə də ölçmək mümkündür. Sanki ölkə çempionatı yalnız bir qrup insana maraqlıdır.
Ümid edək ki, gələn mövsüm “Turan Tovuz” və “Kəpəz”in Premyer Liqaya gəlməsi ilə vəziyyət bir az düzələr.
ELNUR MƏMMƏDLİ