featured-image-31852

Sərgən Yalçın “Neftçi”nin yeni baş məşqçisi olmağa çox yaxındır. Deyilənə görə, artıq tərəflər 2 illik müqavilə ilə bağlı razılığa gəliblər. İndi Laurentsiu Regekampfın müqaviləsinin pozulması ilə bağlı iş gedir.

Türkiyəli mütəxəssis paytaxt klubunda uğur qazana biləcəkmi? Rege “Neftçi”nin baş məşqçisi kimi olduqca bərbad bir mövsüm keçirsə də, məncə, “ağ-qaralar”ın heç də bütün problemləri rumıniyalı ilə bağlı deyil. Bəli, Regekampfın dövründə paytaxt klubunun nə oynadığını bilmək olmurdu,  gələn legionerlərin də səviyyəsi aybaay aşağı düşürdü. Amma “Neftçi”də əsas problem idarəetmə ilə bağlıdır. Günü bu gün də  bilinmir ki, klubda əsas səlahiyyət sahibi kimdir? Prezident Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, Müşahidə Şurasının (MŞ) sədri Rövşən Nəcəf, yoxsa MŞ-nın üzvü Zaur Qəhrəmanov?

“Qəbələ” ilə Azərbaycan kubokunun finalından öncə K.Quliyev qeyd etdi ki, həlledici oyunun nəticəsi Regenin gələcək karyerasına təsir göstərməyəcək. Qəhrəmanov isə əksinə finaldan sonra komandanın biabırçı durumda olduğunu vurğuladı.

Sərgən ideyasının da kim tərəfindən gəlməsini müəyyənləşdirmək çətindir. Sərgənin təyinatı rəsmiləşməyib, Rege hələ göndərilməyib, “Nefçi” isə artıq yeni legionerlərlə anlaşır, Emil Balayev, Filip Ozobiçlə müqavilə bağlayır. Bəlkə sabah yeni məşqçi bu futbolçularla işləmək istəmədi?

Sərgən Türkiyədə belə heç vaxt ciddi mütəxəssis kimi qəbul olunmayıb. 50 yaşlı məşqçi indiyə qədər işlədiyi 8 klubun heç birində bir ildən artıq qalmayıb. “Neftçi”də ona istədiyi sərbəstliyi, iş imkanını yaradacaqlarmı? Ümumiyyətlə, yaratsalar belə, uğurlu olacaqmı?

Təcrübə göstərir ki, Azərbaycana gələn türkiyəli məşqçilər ciddi nəticə qazana bilmirlər. Rasim Kara, Mustafa Denizli, Bülənt Korkmaz kimi bu sahədə ad çıxarmış adamlar da burda istədiklərinə nail olmayıblar.

Sərgən isə ya qısa vaxt ərzində “Neftçi” rəsmiləri dava-qırğına çıxacaq, ya da uzağı mövsümün sonunda komandanı tərk edəcək. “Neftçi” isə yenə seçimdə səhv edir və bunun ağrısıını hələ bir müddət də çəkəcək.

AYXAN 

Bənzər xəbərlər