featured-image-32680

“Neftçi”nin yeni transferi Filip Ozobiç klubun televiziyasına müsahibə verib. Msport.az xəbər verir ki, millimizin üzvü “Neftçi”yə transferindən, “Zenit”ə qarşı oyunundan danışıb:

“Belə bir klubun səninlə maraqlanması hər zaman xoşdur. “Neftçi”nin yaxşı azarkeşlərə malik böyük klub olduğunu bilirəm. Müqavilə imzaladıqdan sonra özümü çox yaxşı hiss etdim. Ümid edirəm ki, komandaya yaxşı nəticələr əldə etməyə kömək edə biləcəyəm”.

Xorvatiyalı futbolçu “ağ-qaralar”ın heyətində əksər oyunçuları tanıdığını deyib:

“Əlbəttə, İvan Brkiçi, Voislav Stankoviçi, Eddi İsrafilovu, Emin Mahmudovu və Emil Balayevi tanıyırdım. “Neftçi”dən çox oyunçu ilə tanışlığım var idi. Buna görə də uyğunlaşmaq üçün çox vaxta ehtiyacım yoxdur. Burada məni yaxşı qarşıladılar. Kollektiv mehribandır. Düşünürəm ki, yaxşı kollektiv komandanın müsbət nəticələr əldə etməsi üçün ən vacib amildir”.

32 yaşlı yarımmüdafiəçi “Zenit”ə qarşı pis oynamadıqlarını bildirib:

“İlk görüşümüz “Zenit”ə qarşı oldu. Fikrimcə, normal oynadıq. İlk matç olduğu üçün hələ tam hazır deyilik. Bir neçə futbolçu oyuna 2 gün qalmış komandaya qoşuldu. Cəmi iki məşq etdilər. Ona görə də yaxşı oynadığımızı düşünürəm.

Rəsmi matçlara yaxşı hazırlaşmaq üçün burda hər bir şərait var. Məncə, ilk oyuna 100 faiz hazır olacağıq. Bu turnirdə böyük klublarla oynayırıq. Bu da bizə xeyir verəcək. Hazırda hansı səviyyədə olduğumuzu və daha nə qədər forma yığmağın lazım gələcəyini bilirik. Güclü rəqibblərlə qarşılaşmaq zəiflərlə oynamaqdan hər zaman daha xeyirlidir. Çünki zəiflərlə oynayıb hansı səviyyədə olduğunu bilmıəyəcəksən.

Azarkeşlərə deyə bilərəm ki, hər oyuna və məşqə 100 faiz gücümü qoyacam. Əlimdən gələni edəcəm”.

Xatırladaq ki, “Neftçi” Ozobiçin Azərbaycanda 3-cü klubu olub. O, buna qədər “Qəbələ” (2016-2018) və “Qarabağ” (2018-2023) komandalarının şərəfini qoruyub.

 

Bənzər xəbərlər