featured-image-31667

Dünya Rusiyanı işğalçı kimi qəbul edir. Hərə bir cür, bacardığı qədər Ukraynaya kömək etməyə çalışır. Avropa dövlətləri, ABŞ pul və silahla, bizim kimi ölkələr isə dolayısı yolla Ukrayna xalqına öz dəstəklərini ifadə etməyə çalışırar. Azərbaycan televiziyalarının bu məsələ ilə bağlı reportajlarına baxdıqda məsələnin nə yerdə olduğunu anlamaq mümkündür. Biz açıq-açığına Ukraynanın tərəfini tuta bilməsək də, sözümüzü TV, media vasitəsi ilə deyirik.

Putinin işğalçı siyasəyi Rusiya idmanının da evini yıxdı. Ölkə atletləri heç bir beynəlxalq yarışlara buraxılmırlar, futbol klubları avrokuboklarda iştirak etməkdən məhrum ediliblər. Rusiya millisi dünya və Avropa çempionatlarının seçmə mərhələsində iştirak edə bilmir.

Düzdür, bu məsələyə münasibət birmənalı deyil. Bəziləri hesab edir ki, yerli idmançılar Rusiya dövlət başçısının aqressiv, işğalçı xarici siyasətinin qurbanı olmamalıdır. Amma Aleksandr Zinçenko kimi ukraynalı futbolçular məsələyə fərqli prizmadan yanaşırlar.  Adam deyir ki, bir dəfə olsun rusiyalı oyunçular hadisəyə münasibət bildirmədilər, əksinə, susmaqla prezidentlərinin davranışını dəstəkləmiş oldular. Lakin “Arsenal”ın futbolçusu unudur ki, Rusiyada yaşaya-yaşaya buna qarşı getmək, səsini çıxarmaq demək olar ki, mümkünsüzdür. Səsini çıxaranlar isə olur inoagent.

İlin-günün bu vaxtında “Neftçi” durub gedir Rusiyaya turnirə, sonra da “Spartak”la Moskvada yoxlama oyunu keçirməyə. Unutmaq olmaz ki, bu klubun azarkeşlərinin çox hissəsi qatı millətçi olub Ukrayna məsələsində dövlət siyasətini dəstəkləyənlərdir.

Piterdəki turnirin idman tərəfi barədə bir söz demək olmaz, həqiqətən də yarışda “Zenit”, “Fənərbaxça”, “Srvena Zvezda” kimi güclü klublar çıxış edəcəklər. UEFA Konfrans Liqası öncəsində bu yarş “ağ-qaralar” üçün əla sparinq olacaq. Turnir “Matç” Tv ilə yayımlanacaq, azarkeş marağı da əminəm ki, yaxşı səviyyədə olacaq.

Lakin məsələyə bir başqa yöndən yanaşaq. Əgər Rusiya sanksiyalar içərisində olmasaydı, hər hansı Azərbaycan klubu turnirə və ya yoldaşlıq oyununa dəvət edilərdimi? Əminəm ki, əksəriyyətin cavabı “yox” olacaq. Elə mən də bu fikirdəyəm.

Ruslar həmişə bizə “qara millət”, geridəqalmış kimi baxıblar, indi də bu ənənə davam edir. Futbolda da vəziyyət eynidir.

İlin-günün bu vaxtında Rusiyaya turnirə getmək Ukrayna xalqının üzünə tüpürmək, bombardman nəticəsində ölən 900-dən çox uşağın ruhuna hörmətsizlik etməkdir. İllər keçəcək, bu turnir “Neftçi” tarixində ən şərəfsiz səhifə olaraq qalacaq.

ELNUR MƏMMƏDLİ

Bənzər xəbərlər