Nəriman Axundzadə “Erzurumspor”dan ayrılacaq
Nəriman Axundzadənin çıxışı klubu “Erzurumspor”da birmənalı qarşılanmır.
Msport.az xəbər verir ki, 22 yaşlı hücumçu Superliqa klubundan ayrıla bilər.
ABŞ-nin “Kolumbus Kryu” klubundan birillik icarəyə götürülən forvard “Erzurumspor”un heyətində hələ ki, cəmi 3 oyunda meydana çıxıb və hər üçündə sonradan mübarizəyə qoşulub. Bu qarşılaşmaların heç birində nə qol, nə də assistlə komandasına kömək edən Axundzadənin performansı onun klubdakı gələcəyi ilə bağlı sualları cavablandırır.
Türkiyə klubunun məşqçi heyəti Azərbaycanın U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində Çexiya ilə ev oyununu izləyib. Matça start heyətində daxil olan Nəriman 77 dəqiqə meydanda qalsa da, çıxışı ürəkaçan olmayıb. Bu cür oynamaqda davam edəcəyi təqdirdə “Erzurumspor” rəhbərliyi mövsümün sonunda onu birdəfəlik transfer etmək hüququndan yararlanmamağı planlaşdırır.
Qeyd edək ki, Nəriman Axundzadə “Amedspor” (0:3), “Qalatasaray” (0:4) və “Gənclərbirliyi” (1:1) ilə oyunlarda ümumilikdə 55 dəqiqə meydanda olub.







