“Onları bağrıma basıram” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İsveçrənin “Sürix” komandasına qarşı keçirdikləri cavab oyununu şərh edib.
Msport.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan (ilk oyun 3:2) sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
– Bu oyundan və futbolçularımdan çox danışmaq olar. İstəmirəm. Onları bağrıma basıram. Bu gün təkcə oyun yox, yaxşı mübarizə gördük. Meydanda güclü kollektiv var idi. Öz futbolçularımı döyüşçü adlandırıram. Əvvəl bir az taktiki mübarizə getdi, sonra döyüşə çevrildi. Bizə uyğun olmayan rəqibə qarşı oynayırdıq. Bu gün də şahidi olduq. Top havada çox olurdu.
– Qısa fasilədə hansı sözləri dediz komandaya?
– Gərgin dəqiqələr idi. Futbol dilində izah etdim. Bu cür oyunlar futbolçuları, klubu, məni daha təcrübəli edir. Bəzən belə oyunlarda məğlub olsaq da, məyus olmuruq. Çünki bu cür gərgin oyunlar futbolun ən gözəl hissəsidir. Maraqlı oldu. Böyük təcrübə qazandıq.
– Kevin Medinanın zədəsi nə yerdədir?
– Onun zədəsi ciddiyə oxşayır. Sabah Bakıya çatanda daha dəqiq bilinəcək. Digərləri yorğunluqdan irəli gələn problemlərlə bağlı idi.
– Növbəti mərhələdəki rəqiblərlə maraqlanmısız?
– Növbəti mərhələdə hansı rəqiblə düşsək də, öz oyunumuza fikir verməliyik. Düzdür, izləməmişik oyunlarını. Həm də bu il çətin rəqiblər düşdü ilk mərhələlərdən. Ona gorə də fərq etməz, yaxşı hazırlaşmalıyıq.