"Onları belə zəif gözləmirdim" - Samir Abasov "Rapid" haqqında
“Neftçi”nin sabiq baş məşqçisi Samir Abasov keçmiş komandasının UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Rapid”lə oyununu (0:2) şərh edib.
Msport.az xəbər verir ki, 44 yaşlı mütəxəssis “ağ-qaralar”ın yeni baş məşqçisi Laurentsiu Regekampfı tənqid edib:
“Şərhçi belə oyunun sonlarına yaxın komandanın yorulduğunu vurğuladı. İlk görüşdən sonra da oxşar fikirlər səsləndirilmişdi. Jurnalistlər bunu gördüyü halda, məşqçilər korpusu görmür? Niyə bunun səbəbini soruşan yoxdu? Ayyarımdı kollektiv yeni baş məşqçinin rəhbərliyi altında hazırlıq keçir. Budu nəticəsi?
Hamı deyir, Mbocun sağ cinahda oynaması səhvdi. Lap yaxşı, mən də sizinlə razı. Niyə klub rəhbərliyi bu vaxta kimi sağ cinah müdafiəçisi almayıb? “Bu mərhələni də keç, alarıq” zamanı geridə qalıb. Nəticə istəyirsənsə, vaxtında və düzgün transferlər etməlisən.
Azər Salahlı zədələnəndən sonra meydana Mərt Çəliki buraxdı. Lap yaxşı. Ancaq niyə 4-lüdən 5-li müdafiəyə keçmədi? Avropa səviyyəli məşqçi, yəqin ki, komandanın keçirdiyi oyunlara baxıb. Baxıbsa, bilməliydi ki, bu komanda 5-li müdafiəni də oynaya bilir. Mərti sağ cinahda oynadırsan, Mbocu çəkirsən mərkəzə, Laval da müdafiənin solunda. 3 dayaq yarımmüdafiəçisi, Emin də hücumçunun arxasında. Görüm onda rəqib cinahlardan necə asmalar edə bilərdi.
Hər iki oyunda göründü ki, “Rapid”in müdafiəsi çox ləngdi. Bir qədər sürəti artıranda arxa xətt boşluqlar verirdi. Vyanada da bunu gördük. Tam səmimi deyirəm, indiki “Rapid” keçiləsi rəqib idi. Açığı, onları belə zəif gözləmirdim. Bəzən deyirlər ki, rəqib “dişimizə görə” idi. Bu “Rapid” ondan da oyanası idi”. (Futbol+)