“Onlarla başabaş mübarizə aparmaq çox çətindir”
Fevralın 1-də Yüksək Liqada 3-cü dövrə start götürəcək.
Msport.az xəbər verir ki, bununla da 2 aya yaxın davam edən qış fasiləsinə yekun vurulacaq.
Təbii ki, bu dövrdə əksər komandalar heyətlərini gücləndirməyə çalışırlar. Bəs 19 yaşadək futzalçılardan ibarət milli fasilədən necə istifadə edib? Sualımıza baş məşqçi İlqar Aslanovun cavabı belə oldu:
“Yanvarın 9-dan məşqlərə başlamışıq. Əlbəttə, hazırlığın əvvəlində fiziki ağırlıqlı çalışmalara üstünlük verəcəyik. Fasilədə həm məşq edəcəyik, həm də heyətimizi gücləndirəcəyik. Bizim komandaya düşmək üçün oyunçu yaş limitinə uyğun gəlməlidir. Üstəlik kütləvi dəyişiklik də gözlənilmir. Bizi qane edən olsa, 2-3 futzalçını komandamıza dəvət edəcəyik. Komandalara da tapşırmışıq ki, belə oyunçular olsa, bizə yönləndirsinlər. Məqsədimiz əsas milli üçün ehtiyat baza yaratmaq, A komandaya futzalçı yetişdirməkdir. Bu yaşda gənclərin “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire” kimi təcrübəli oyunçulardan qurulmuş kollektivlərə qarşı başabaş mübarizə aparması çox çətindir. Yaş fərqi böyükdür, bunlar indi-indi futzalın incəliklərini öyrənirlər”.