"Ötən matçda da haqqımızı yedilə" - "Turan Tovuz"un baş məşqçisi
“Turan Tovuz” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Zirə” ilə qolsuz bərabərə qalaraq mübarizəni dayandırıb.
Msport.az xəbər verir ki, Qərb bölgəsi klubunun məşqçisi Yunis Hüseynov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Hər komanda istəyir ki, kubokda finala çıxsın. Biz də bunu arzulayırdıq. Oyunda güclü tərəf biz idik. Ötən matçda da haqqımızı yedilər. Finala layiq komanda biz idik. Əfsuslar olsun ki, ötən oyundakı səhvlərə görə bu gün qələbə qazana bilmədik. Qol da vurduq, saymadılar. Bizdə olanda dərhal VAR-a gedirər, rəqibdə olanda görməmişəm ki, VAR-a baxsınlar. Premyer Liqada Əliyar Ağayev rəqibə qırmızı vərəqə verib, ləğv etmişdi. Bu qədər futbolçunun haqqını yedi. Bu gün heç-heçə etdik. “Zirə”yə uğurlar arzulayıram.
– Komandanın daha çox hücum edəcəyini gözləmək olardı. Amma hücumda çox da effektiv ola bilmədiz. “Zirə” çox yaxşı müdafiə olundu, yoxsa ilk oyundakı qərarlara görə futbolçularda psixoloji gərginlik var idi?
– Futbolçularda psixoloji olaraq təsir qalmışdı. Danmıram. İki təmiz penaltini vermirlər. Komandamız bu oyuna pis hazırlamamışdı. “Zirə” ilk görüşdə 2:0 qalib gəlmişdi. Bilirdik ki, beşli müdafiə ilə oynayacaqlar. Arxada o qədər imkan vermədilər. Buna baxmayaraq, komandamız pis təsir bağışlamadı. Əgər birinci hissədə qol vursaydıq, ikinci qol da gələrdi. “Zirə” bu gün yalnız müdafiə olunurdu.
– Bu gün hakim idarəçiliyindən razı qaldız?
– Narazı qalmadım. Amma qol epizodumuza baxmamışam.
– Əsas hədəf kubok idi. Bunu qazana bilmədiz. Bundan sonrakı hədəf ikincilik olacaq?
– Məqsədimiz kuboku qazanmaq idi. Premyer Liqada çempionluq istəyirdik. Çətin oyunlarımız var. Çempionata köklənəcəyik. İkinciliyi fikirləşmirik. Qalib gəlsək, yaxşı yerləri tutarıq.







