"Ovusu ustalıq səviyyəsinə görə Vadjidən daha üstündür" - Bəxtiyar Musayev
“Qarabağ”, “Neftçi”, milli komandamızda çıxış etmiş Bəxtiyar Musayev İbrahima Vadjinin “Qarabağ”dan gedişini dəyərləndirir.
Msport.az xəbər verir ki, futbol mütəxəssisi seneqallı hücumçunun Ağdam klubundan ayrılmasının çox da ciddi təsirinin olmayacağı qənaətindədir:
“Vadjinin bu qiymətə “Sent Etyen”ə transfer olması “Qarabağ” klubu adına böyük qazancdır. Yaxşı transfer gəliri əldə edilib. Neçə ildir görürürük ki, komandanı aparıcı futbolçular tərk edir – Mahir Emreli, Almeyda bir neçə dəfə gedib gəldi, Ndlovu, Andrade amma buna baxmayaraq, “Qarabağ” ildən-ilə daha inamlı təsir bağışlayır. Bu məsələdə Qurban Qurbanovun əməyi böyükdür. Mənə elə gəlir ki, Vadjinin gedişi də komanda üçün böyük itki olmayacaq. Qurban müəllimin bildiyi bir şeylər var ki, o, bu transferə razılıq verib”.
Ölkəmizə gələn bir çox səviyyəli futbolçuların “kəşfində” böyük rolu olan Musayev “Qarabağ”ın hər zaman transfer bazarında axtarışda olduğunu bildirdi:
“Bildiyim qədər klub həmişə yaxşı futbolçular axtarışındadır, danışıqlar gedir. Çox səviyyəli futbolçular gətirmək istəyirlər. Lakin transfer bazarı elədir ki, heç də hər zaman istədiyini əldə edə bilmirsən. Məncə, yeni oyunçularla danışıq aparıblar. Ola bilər ki, bəzi futbolçular Azərbaycan çempionatı yüksək səviyyəli liqa olmadığına görə imtina ediblər. Bəzən də klublar arasında danışıqlar istənilən kimi yekunlaşmır”.
Millimizin üzvü Ovusu Kvabenanın İbrahima Vadjidən daha səviyyəli hücumçu olduğunu iddia edir: “Vadji getsə də, indi komandada durum heç də acınacaqlı deyil. Orda Ovusu kimi futbolçu da var. Mənim fikrimcə, Ovusu ustalıq səviyyəsinə görə Vadjidən daha üstündür. Sadəcə Vadji intizamlı idi, verilən tapşırıqları yüz faiz yerinə yetirməyə çalışırdı. Ovusu da isə bir az boşluqlar olur. Amma ustalıq səviyyəsi Vadjidən üstündür. İntizamlı olsa, meydanda daha diqqətli davransa, Vadjidən də böyük işlər görə bilər. O, potensiala malik futbolçudur. Düşünürəm ki, Vadjinin gedişi komandaya böyük təsir göstərməz, əksinə, Ovusunun daha da parlamasına imkan yaranar”.