featured-image-18462

Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən “Zirə” – “Neftçi” (1:0) ilk oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırdı.

Msport.az xəbər verir ki, rumıniyalı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi.

– Düşünmürəm ki, bu gün pis oynadıq. Yaratdığımız qol imkanlarından yararlana bilmədik. Rəqib bütünlüklə müdafiəyə oturmuşdu və əks-hücumlar etməyə çalışırdı. Oyun ərzində bir epizodları oldu, ondan da yararlandılar. Rəqibin hücumlarını mərkəzdə bitirməli idik. Növbəti matça hazırlaşmalıyıq. Mərhələ keçmək istəyiriksə, iki qol fərqi ilə qalib gəlməliyik. Futbolda mümkünsüz heç nə yoxdur.

– Bütün mövqelər üzrə dəyişiklik etdiz, amma istəyinizə nail ola bilmədiz…
– Yerli oyunçu problemlərimiz var. Bu gün Eddi yenidən zədələndi. Azər Salahlı da tempi eyni səviyyədə qoruya bilmir. Bu da normaldır. Ağır zədədən qayıdıb. Dəyişikliklər etdik. Çalışırdıq ki, mövqelər üzrə daha yaxşı futbolçular meydana buraxaq. Sonradan oyuna qoşulanların pis oynadığını düşünmürəm. Çalışdılar, mübarizə apardılar. Bütünlüklə müdafiə olunan komandaya qaşrı oynamaq asan deyil. Cavab oyunu üçün çıxış yolu axtarmalıyıq. Ümid edirəm ki, Eddinin zədəsi ciddi olmayacaq.

– “Qarabağ”a 0:4 hesablı məğlubiyyətin təsiri komandanın üzərində qalıb?
– Məncə, təsir etməli deyil. Bu, fərqli yarışdır. Düşünürəm ki, futbolçularımızın kifayət qədər keyfiyyəti var. Onlar hamısı kişidir, belə situasiyalardan çıxış yolu tapmalıdırlar. Futbolda belə şeylər olur. İnanıram və əminliklə deyə bilərəm ki, bu iki oyunun nəticəsində gələcəkdə daha yaxşı olacağıq.

– Boqomolski və Arveladzenin start heyətdə oynamaq vaxtı çatmayıb?
– Bilmirəm. Məşqlərə baxmalıyıq. Hər ikisi legionerdir. Görməliyik ki, hansı növbəti matça daha hazır olacaq.

– Qışda gedənlər, yoxsa gələnlər çox olacaq?
– Qarşıdakı oyunlara köklənməliyik. Oyunçularımıza inanmalı və onları sıxmalıyıq. Komanda kubokda mərhələ keçməlidir. Çempionatdakı oyunlarımızda da qalib gəlməliyik. Bütün matçlar bitdikdən sonra klub analiz edəcək. Bütün istəklər uyğun olsa, nə edə biləcəyimizə baxacağıq.

– Azər Salahlının zəif çıxışını nəzərə alsaq, bu matçın sonlarında olduğu kimi gələcəkdə də Kenni Sayefi müdafiənin solunda oynatmağınız mümkündür?
– Başımda çoxlu həll yolları var. Amma hamısı futbolçunun formasından, zədələr və yerli oyunçulardan asılıdır.

– Son zamanlar “Neftçi”dən ayrılacağınız barədə xəbərlər çox yayılır. Bu, konsentrasiyanıza necə təsir edir? Ən azı yaya qədər burada qalacaqsız?
– Bu haqda mənə öncə də soruşulub. Bütün konsentrasiyam “Neftçi”dədir. Mediaya qadağa qoya bilmərəm ki, barəmdə yazmasınlar. Bu, sizin hüququnuzdur. Nə istəyirsiz, yaza bilərsiz. “Neftçi”dəyəm və bütün fikrim buradadır. Təzəliklə toplantı olub. Komandanı yenidən qurmaq, gücləndirmək barədə danışıqlarımız olub. Mən tərəfdən heç bir problem yoxdur. Komandamı dəyişmək barədə düşünmürəm. (Fubolpress.az)

Bənzər xəbərlər