"Oyuna hazır deyildik" - Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıya qayıtdıqdan sonra Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlər üçün brifinq keçirib. Msport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı komandasının oyuna hazır olmadığını etiraf edib:
- Soyuq başla oyunu necə təhlil edərdiz?
- Futbolçular qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Komandamdan razı qaldım. Bu cür oyunların və nəticələrin futbolçulara xeyiri olur. Belə böyük turnirlərdə 120 dəqiqə mübarizə aparmağa hazır olmalısan. Avrokubok təcrübəmiz xeyli yaxşılaşıb. Əvvəllər bir hissə oynayırdıq, sonra 60-70 dəqiqəyə gücümüz çatırdı. “Gent”lə görüşdə isə futbolçuların 120 dəqiqə mübarizə aparmağa gücləri yetdi. Futbolçular çox məyus olublar. Paltardəyişmə otağında uzun müddət özlərinə gələ bilmədilər. Hamısı azarkeşlərimizi, xalqımızı sevindirmək istəyirdi. Bu, alınmasa da, maraqlı oyun oldu.
- Heyətdəki itkilər nəticəyə təsir göstərdi?
- Biz heyət və sərəncamımızda olan futbolçuların vəziyyəti baxımından oyuna hazır deyildik. Düzdür, bəzi oyunçular formalarını yavaş-yavaş bərpa edirlər. Amma belə böyük matçlara tam hazır deyildilər. Buna görə də, matçın gedişində kimsə 45 dəqiqə, kimsə bundan bir az çox meydanda oldu. Komandada disbalans var idi. Yenə də hər şey yaxşılığa doğru gedirdi. Elə dünən də hadisələrin gedişi biz istəyən kimi idi. İtkilər də öz təsirini göstərdi. Ozobiç, Medina, Yankoviç, Qarayev – onların bizə xeyiri dəyə bilərdi.
- Niyə yeni transferlər heyətə hələ düşmürlər?
- Onlar tam hazır deyillər. Uyğunlaşmalarında problem yoxdur. Sadəcə, hazırlıqları istənilən səviyyədə deyil. 7-8 ay idi ki, futbol oynamırdılar. Yaxşı formada olsaydılar, oyunumuzu daha da asanlaşdırardılar.







