"Özümü "Yurqarden"də yeni oyunçu kimi hiss etmirəm" - Musa Qurbanlı
“Özümü komandada yeni oyunçu kimi hiss etmirəm”.
Msport.az xəbər verir ki, bunu İsveçin “Yurqarden”a transfer olunmuş Musa Qurbanlı “aftonbladet.se” saytına müsahibəsində deyib.
Millimizin 21 yaşlı üzvü artıq yeni kollektivə uyğunlaşdığını deyib: “Komanda yoldaşlarımla qısa müddətdə dostlaşmağı bacarmışam. Burada hər şey yaxşıdır”.
“Qarabağ”ın sabiq forvardı “Yurqarden” azarkeşlərinin ona qarşı münasibətindən məmnunluq ifadə edib. Futbolçu bu sevginin ona əlavə güc qatdığını söyləyib: “Azarkeşlərin münasibətindən çox təsirləndim. Onların sevgisini hiss edirəm. Mən də fanatlar üçün mübarizə aparmaq istəyirəm”.
Qeyd edək ki, Musa Qurbanlının iyulun 22-də İsveç Allsvenskanının XVI turunda “Elfsborq”la görüşündə “Yurqarden”in heyətində debüt etməsi gözlənilir.