"Partizan" Saldanyanı "Neftçi"dən necə "oğurladı"? - Serblər təfərrüatı açıqladı
Serbiya mətbuatı “Neftçi”də icarə əsasında çıxış edən Mateus Saldanyanın “Partizan”a keçidinin təfərrüatını açıqlayıb.
Msport.az xəbər verir ki, Belqrad təmsilçisi braziliyalı forvardın transferinin üzərində 20 günə yaxın işləyib.
İddiaya görə, “Neftçi” ən yaxşı oyunçularından birini belə asanlıqla təhvil vermək istəmədiyi üçün “Partizan” ehtiyatlı davranıb. Klub nümayəndələri əvvəlcə futbolçunun agenti ilə görüşüblər. Oyunçu ilə şərtlər müzakirə olunduqdan sonra onu “Neftçi”dən “azad etmək” strategiyası hazırlanıb.
Saldanyanın müqavilə ilə məxsus olduğun Yaponiyanın “JEF Yunayted Çiba” klubu hücumçunu satmağa qarşı çıxmayıb. Lakin “Partizan”ın “Neftçi” ilə icarə müqaviləsinin vaxtından əvvəl ləğvi üçün kluba müəyyən vəsait ödədiyi bildirilib. Beləliklə, “sambaçı”nın “Partizan”a keçidi həllini tapıb.
Qeyd edək ki, Mateus Saldanya bu ilin yanvarından “Neftçi”də çıxış edirdi. Onun “ağ-qaralar”la dekabradək müqaviləsi var idi.







