"Martin İden"dən Salyana, Kürdən Luara çayına kimi - "Qarabağ"ın Nant səfəri
“Qarabağ”ın Fransa səfəri şad xəbərlə başladı. Mətbuat nümayəndələri qeydiyyat masasının önündən keçərkən futbolçuları aeroportdan təyyarəyə aparan avtobusdan hay-küy, sevinc çığırtıları gəlməyə başladı. Əvvəl elə güman etdik ki, kiminsə doğum günüdür. Amma əsl səbəbi təyyarəyə oturub Bakl aeroportundan bir az aralanandan sonra başa düşdük. Bort kapitanı elan edəndə ki, Marko Veşoviçin qızı dünyaya gəlib hər kəsin üzünə təbəssüm qondu. Bu, Tamara və Markonun ikinci qız övladıdır. Sən demə, Marko qızının anadan olmasını Heydər Əliyev Beynəlxalq Hava Limanında eşidib.
Bu cür pozitiv xəbərdən sonra özümüzü köklədik ki, Bakıdan Nanta 6 saatlıq uçuşda darıxmayaq. Amma əhval-ruhiyyə nə qədər yüksək olsa dA, belə uzun yolçuluqlarda sıxılmamaq mümkün deyil. Bundan qurtulmaq üçün hərə bir cür başını qatırdı. ETOPAZ-ın dəstəyi ilə Fransaya yollanan jurnalistlər XIV Lüdovikdən Kardinal Rişelyeyə, rəhmətlik deputat Şamil Qurbanovun təbirincə desək, qudurmuş mərhum prezident Jak Şirakdan, Burqon şərabına kimi hər mövzudan danışıb uzun məsafəni qısaltmağa çalışırdılar. Təbii ki, ara-sıra ötən səfərlərdən maraqlı söhbətlər, lətifələr də yada düşürdü. Ən çox da özü burda olmayıb, ürəyi burda olanlar xatırlanırdı))
Hər nə qədər öyrəşsələr də, bu cür uzun məsafə futbolçular üçün də yorucudur. İlk dəfə bu səfərdə bildim ki, Qara Qarayevin klassik ədəbiyyatla arası sazdır. “Qarabağ”ın yarımmüdafiəçisi Cek Londonun “Martin İden” əsərini oxuyurdu. Jurnalistlər də səfərə kitabsız çıxmamışdı – Fransa ədəbiyyatının klassiklərindən Onore de Balzakın “Vadidəki zambaq”nı oxuyan da var idi, İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin xanımı Fərəh Pəhləvinin “Xatirələri”ni də.
Sən demə, “Qarabağ” düşərgəsində yaxşı şahmat oynayanlar da var. Bəhlul Mustafazədə hələ “Qəbələ” Akademiyasında olarkən asudə vaxtını səmərəli keçirmək üçün özünə şahmat alıb və bu oyunun sirrlərini öyrənib. Amma bu dəfə Bakı – Nant təyyarəsində şahmat yox, dama dəbdə idi. İsmayıl İbrahimli ilə Bəhlulun mübarizəsinə təyyarə boyu hərəkət edən hər kəs başını qaldırıb maraq göstərirdi. Bu iki futbolçu həm də otaq yoldaşıdır. 6 saatlıq yolu film izləməklə kompensasiya edənlər, Kadi və Ovusu Kvabena kimi yalnız yuxuda keçirib istirahət edənlər də var idi.
Nantın “Atlantik” aeroportunda da bizi sürpriz gözləyirdi. Elə təzəcə çölə çıxmışdıq ki, “Qarabağ”, “Qarabağ” sədaları yad torpaqda olduqca doğma, şirin gəldi. Təxmiən 20-25 azarkeş hava limanında Azərbaycan çempionunun pişvazına çıxmışdı. Əksəriyyəti də öz balaca uşaqları ilə. Bədavi Hüseynov gələn kimi bir ata balaca uşağına “eto naş tiqr, Bədavi” deyərək qabağa keçib şəkil çəkdirməyə imkan tapdı. “Qarabağ”ın müdafiəçisi sonrdan hç kimin xətrinə dəyməyərək ən azı 6-7 nəfərlə şəkil çəkdirdi. Ən maraqlı səhnə isə Kadi Borges çıxışa yönələrkən baş verdi. Azarkeşlər öz aralarında “bu, Azərbaycan dilində bilmir, xaricidir” deyərək müzakirə apardığı vaxtda Kadi “yaxşıyam, yaxşıyam” deyib hamının üzünü güldürdü. Hətta Kadinin məşhur videosunu yada salıb “sən allah, bir nuş olsun de” deyənlər də oldu.
Aeroportda həm də onu öyrəndik ki, Nantda 2 minə yaxın azərbaycanlı yaşayır, onların əksəriyyəti də Salyan rayonundandır. Düzü, salyanlıların Nanta olan bu sevgisinin kökündə nə dayandıığını öyrənə bilmədim. Bəlkə də Salyandakı kimi Nantın ortasından Kürə oxşar Luara çayının keçməsi onları bu şəhərə çəkib gətirib.
Marseldən fərqli olaraq Nantın mərkəzi ilə gəzərkən erməni restoranları, girişinə erməni mətbəxi yazılmış kafelərə rast gəlmək mümkün deyil. Lakin şübhəsiz ki, sabahkı oyunda hardan olsa, özünü “Bojuar” stadionuna yetirib təxribat törətmək istəyən bu tip adamlara rast gəlmək mümkün olacaq. Yeri gəlmişkən, stadionun memarı da erməni Berdye Akopyandır. Hələlik Nanrdan bu qədər, sabah görüşənədək.
ELNUR MƏMMƏDLİ