featured-image-33046

1999-cu ildə yarıac, yarıtox “Neftçi” az qalmışdı ki, Bakıda “Srvena Zvezda”nı udsun. Vadim Vasilyev 27 və 65-ci dəqiqələrdə iki qol vurub Bakı klubunu güclü rəqib qarşısında 2:0 önə keçirmişdi. Lakin Serbiya təmsilçisi əzmkar qələbə ilə dönə bildi. Oyundan sonra Vadimin verdiyi müsahibə hələ də yadımdadır: “Neyniyim e, mən ikisini vurdum, Cahangir üçünü buraxdı”.

Dünən “Neftçi” yenə həmin “Srvena Zvezda” ilə qarşılaşdı. 1999-cu ildən çox-çox fərqlənən “Neftçi”. Kapitanına 350 min verə bilən “Neftçi”. “Neftçi” 1999-dakı “Neftçi”dən çox seçilir. İstənilən rəqibə mübarizə aparmadan təslim olması ilə. Nə olsun ki, baş məşqçi yoxdur, nə olsun ki, yoldaşlıq turniridir. Məgər belə yarışda qabağına çıxandan 3-4 top buraxmalısan?

İqor Getman İsmayıl Zülfüqarlını start heyətində meydana buraxsa da, indi də 29-cu dəqiqədə onu Kilian Lebonla əvəzləyir. Ötən oyunda da Aqil Məmmədov zədələnəndə gənc Rza Cəfərova şans verməyə qorxub təzədən İvan Brkiçi oyuna qaytarmışdı. Onsuz da uduzmaq-uduzmaqdır, qoy heç olmasa o gənclər meydanda olsunlar da.

“Neftçi” günü-gündən nüfuzunu, hörmətini itirir. Laurentsiu Regekampfla əli yağa batan klub indi də Rumıniyadan Adrian Mutunu gətirir. Hətta Rege Mutunun yanında məşqçi kimi professordur. “Neftçi”ni idarə edən şəxslər səhvi-səhv dalınca edirlər. Maraqlı da odur ki, klub prezidentinin, vitse-prezidentin, idman direktorunun baş məşqçi axtarışlarından xəbəri yoxdur. “Neftçi” Region Liqasındakı həvəskar klub kimi idarə olunur. Kimsə o vaxtlar Mutunun oyununa baxıb, xoşuna gəlib indi onu baş məşqçi gətirir. Daha fikirləşmir ki, Mutu məşqçi kimi hələ heç nəyə nail olmayıb. Dəlləkliyi “Neftçi”nin başında öyrənməlidir? Axı bizim gözümüzün qabağında Rege, Muntyanu nümunələri var.

UEFA Konfrans Liqasındakı oyunlara günü-gündən vaxt azalır. Komanda düz-əməlli transferlər etməyib, baş məşqçi rəsmiləşməyib. Bu gedişlə nəinki avrokuboklar, “ağ-qaralar” gələn mövsümü də boşa verməli olacaqlar. Rövşən Nəcəf klubun Müşahidə Şurasının sədri olandan sonra hamıda ümid var ki, “Neftçi” güclənəcək, “Qarabağ”la rəqabət apara biləcək. Lakin hələ ki tam əksini görürük. Ölkənin ən köklü klubu milyarderin ərköyün uşağının oyuncağına oxşayır. Uşaq gündə ağlına nə gəldi edir, ya da atasından hər dəfə fərqli-fərqli əyləncələr tələb edir.

İndi də “Neftçi”nin başına oxşar oyunlar açılır. “Ağ-qara”nın olan qalan ağı da itir, yerdə ancaq qara qalır, qara günə düşən “Neftçi”.

AYXAN 

 

Bənzər xəbərlər