featured-image-16647

Belçikanın “Gent” komandasının baş məşqçisi Heyn Vanhazebruk Avropa Konfrans Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri oyunlar barədə fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, yerli mətbuata açıqlamasında püşkün nəticəsini dəyərləndirən 58 yaşlı mütəxəssis İtaliya “Latsio”su istisna olmaqla, digər 7 mümkün rəqibin hamısını eyni səviyyəli komanda adlandırıb:

“Rəqibin kimliyi heç vaxt mənim üçün əhəmiyyət kəsb etmir. Çünki bu mərhələdə zəif komanda yoxdur. “Qarabağ” da çətin, eyni zamanda güclü rəqibdir”.

Belçikalı məşqçi Ağdam təmsilçisinin 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində çıxış etdiyini xatırladıb: “Bu mövsüm isə Polşa, İsveçrə və Macarıstan çempionlarını mübarizədən kənarlaşdırıblar. Təkcə bu amillər rəqibin gücündən xəbər verir”.

Vanhazebruk Bakıya uzun səfərin onları narahat etmədiyini bildirib: “Əvvəllər də belə səyahətlərimiz olub. Məsələn, bu, Kiprə səfərimizdən bir saat uzun çəkəcək. Biz öz səyahət cədvəlimizə mükəmməl uyğunlaşa bilərik”.

“Qarabağ” “Gent”ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Bənzər xəbərlər