Qalır, yoxsa gedir?
Son günlər “Qarabağ”ın futbolçusu Patrik Andradenin klubla müqaviləni yeniləməyəcəyi və xarici ölkə klublarından birinə keçəcəyi haqda məlumatlar yayılıb.
Msport.az xəbər verir ki, ötən həftə keçirdiyi mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib ki, yaxın günlərdə futbolçu ilə klub arasında danışıqlar başlayacaq.
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bu gün qol.az saytına açıqlamasında Andrade ilə danışıqların başladığını və hazırda da davam etdiyini söyləyib:
“Müqavilə müddəti bitməkdə olan bir futbolçu haqqında müxtəlif xəbərlərin yayılması normaldır. Bu, təkcə Azərbaycanda yox, bütün dünyada var. Xüsusən də söhbət “Qarabağ”dan gedirsə, belə xəbərlərin gündəmdə olmasını təbii qarşılayırıq. Patrik Andrade ilə danışıqlarımız davam edir. İnanıram ki, ortaq məxrəc tapılacaq. Patrik Andrade güvəndiyimiz futbolçudur. O, hazırda müqavilə ilə “Qarabağ”a məxsusdur”.
Xatırladaq ki, Andradenin “Qarabağ”la müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq. O, 2020-ci ildən Ağdam komandasında oynayır.