"Qarabağ"dan Trabzonspor"a, Adana kababdan Beyləqan quzusuna, Murat Bozdan Üzeyirə kimi...
“Qarabağ” matçın əvvəlini çıxmaq şərti ilə Bundesliqanın lideri “Frayburq”la başabaş oyun göstərdi. Azərbaycan çempionunun qapısına 7-ci dəqiqədə təyin olunan penalti olmasaydı, bəlkə də görüş fərqli axarda keçərdi. 15-ci dəqiqədə hesab 0:2 idi və bu cür təzyiq nəticəsində meydan sahiblərinin daha bir neçə qol vura biləcəyini ehtimal edirdik. Amma “Qarabağ” toparlanmağı bacardı, tədricən rəqibi topsuz qoyub, təhlükəli vəziyyətlər yarada bildi. Veşoviçin fasilə ərəfəsində vurduğu qol komandaya ümid verdi. Aydın məsələ idi ki, Qurban Qurbanovun komandası ikinci hissədə daha yaxşı oynayacaq.
“Frayburq”un qapıçısı Flekkenin inamlı oyunu olmasaydı, (Veşoviçin qolunda səhv etsə də, sonradan toparlandı) “Qarabağ” bərabərlik qolunu vuracaqdı. Matçın sonlarındakı penalti epizodu… Əminəm ki, eyni şey meydan sahiblərinin qapısı qarşısında baş versəydi, belçikalı referi Erik Lambrexts tərəddüd etmədən nöqtəni göstərəcəkdi. Bu dəfə isə o, monitora da baxmaq istəmədi.
“Qarabağ” qrupdakı ilk oyunda “Frayburq”a 1:2 hesabı ilə uduzdu. Bilmirəm, 3-4 həftədən sonra Kristian Ştrayxın komandası Bundesliqada neçənci yeri tutacaq. Açığı onların uzun müddət liderlər qrupunda davam gətirəcəyinə şübhəm var. Amma bir şeyə əminəm ki, “Frayburq” “Qarabağ”la məhz pik formada olarkən üz-üzə gəldi.
Ağdam klubunun “Viktoriya Plzen”i keçə bilməməsi, Şahruddin Məhəmmədəliyevin həmin oyundakı səhvləri, “Qarabağ”ın yeni transfer etməməsi haqlı tənqidlər yaradır. Amma Qurbanovun komandasının göstərdiyi oyun eyni zamanda ümid verir ki, bu qrupda 3-cü yeri tutub Konfrans Liqasına getmək olar.
***
Türk klublarının milyonluq transferləri, Superliqa oyunlarında dolu tribunalar, ulduz futbolçuların qardaş ölkəyə gəlməsi həmişə yaxşı mənada həsəd apardığımız məqamlar olub. Ümumiyyətlə, Azərbaycanda Türkiyə futbolunu izləməyən, Türk seriallarına baxmayan, Cem Yılmaz “stand up”larına gülməyən nadir adamlar tapmaq mümkündür. Təsəvvür edin ki, Emre Yücelen “Səs Analizi”ndə Alim Qasımovun, Flora Kərimovanın, Sevda Ələkbərzadənin, Qara Dərvişin səsini eşidib dəli olur, heyrətlə qulaq asır, Bakıda Qara Dərvişin klubdakı konsertinə 15 manat varib getmək istəyən olmur. Azərbaycana acqarına bəlkə 50 dəfə gələn Rafet el Romanın konsertlərinə isə biletlər 100-150 manata satılır. Murat Boz Bakıya gələndə konsertdə ürəyi gedən qızlar olur, eynən Üzeyir Mehdizadənin Özbəkistan, Qırğızıstanda qarşılanmağı kimi.
İllərdir Türkiyədə yaşayan dostlar Bərdə, Beyləqan quzusunun kababından ötrü sino gedirlər. Hər kəs etiraf edər ki, orda bizdəki kimi dadlı ət tapmaq mümkün deyil. Amma Bakıda Adana, Urfa, beyti-sarma kabablar qan edir, dönərxanalar şəhəri “işğal” etdikdən sonra lavaş arasında lülə yemək də yadımızdan çıxıb.
Bizim Türkiyə futbolu sevgimiz də belədir. Razıyam ki, Azərbaycan çempionatında tribunalar boş olur, “Qalatasaray” – “Fener” derbisində olan qırğın-qiyamət bizdə yoxdur. Amma Türkiyə çempionu “Trabzonspor” “Qarabağ”ın keçdiyi “Kopenhagen”in qapısına öz meydanında 90 dəqiqə ərzində yol tapa bilmir, bu büdcə, bu heyətlə Çempionlar Liqasından kənarda qalır. Elə “Qarabağ”ın Budapeştdə 3:1 məğlub etdiyi “Ferentsvaroş” isə dünən 16-cı dəqiqədə azlıqda qala-qala “Trabzonspor” üzərində 3:2 qələbə qazandı. Özü də heyətində Maksi Qomes, Enis Bardi, Mark Bartra, Trezege, Marek Hamşik olan “Trabzonspor”u.
Yunan futbolu da Türk futboluna bənzəyir. “Olimpikos” Marselonu gətirib 25 min azarkeş qarşısında təqdimat keçirir, amma ondan əvvəl “Makkabi Hayfa”ya 0:4 uduzur. Ümumiyyətlə, bu mövsüm “Olimpiakos”un avrokuboklarda əsas vaxtda bir qələbəsi belə yoxdur. Bizə də belə şou lazımdır, ya yox?
ELNUR MƏMMƏDLİ