featured-image-16143

“Qarabağ” sabah tarixinin ən vacib oyunlarından birinə çıxacaq. “Frayburq”la matçdan sonra Ağdam klubunun mübarizəni Avropa Liqasında və ya Konfrans Liqasında davam etdirəcəyi məlum olacaq. Azərbaycan çempionunun hansı hallarda qrupda 2-ci ola biləcəyini araşdırmaq niyyətindən uzağam. Onsuz da özünüz də bunu yaxşı bilirsiniz. Ən azı turnir cədvəlinə də baxıb müəyyənləşdirmək mümkündür.

“Qarabağ”ın uzun illər avrokubokların qrup mərhələsində oynayıb ölkənin tanıdılması, imici baxımdan gördüyü işləri də qabartmaq istəmirəm. Aydın məsələdir ki, Qurban Qurbanovun komandası əksər səfirliklərimizdən və diaspordan daha effektlidir. İllər boyu müxtəlif ölkələrdəki diaspor təşkilatlarına, ayrı-ayrı siyasətçilərə kifayət qədər pullar xərclənsə də, bunun bir xeyrini görmədik. Nə isə, bu mövzular barədə çox danışılıb, çox deyilib, ona görə bir daha başınızı ağrıtmayacam.

Bu gün “Qarabağ”ın Azərbaycan iqtisadiyyatına verdiyi xeyirdən söhbət açmaq istəyirəm. Deyə bilərsiniz ki, nə iqtisadiyyat? Qurban Qurban Qurbanovun zavodu var ki, nəsə istehsal eləsin? Ya Əmrah Çelikəl fabrik açıb xəbərimiz yoxdur? Yox, dediyim başqa məsələdir.

Hər dəfə cümə axşamı – Avroliqa oyunları gələndə Bakıda kafe, restroranlar, publar, çay evləri bəlkə də həftə ərzində əldə etmədikləri gəliri qazanırlar, “Qarabağ”ın sayəsində. Ağdam klubunun oyunundan hələ bir həftə əvvəl sosial şəbəkələrdə (daha çox instaqramda) müxtəlif ictimai-iaişə obyektlərinin elanlarına rast gəlmək mümkündür.

Tofiq Bəhramov stadionu cəmi 30 min azarkeş qəbul etdiyindən, Azərbaycan əhalisinin də 70 faizinin Bakıda cəmləşdiyini nəzərə alsaq, “Qarabağ”ın oyunu olan saatlarda restoranlarda yer tapmaq müşkül işə çevrilir. Futbol azarkeşləri adətən belə matçları dostları ilə, kollektiv şəkildə izləməkdən həzz alırlar. Ona görə də evdə oturmağa yox, harasa gedib bir-iki bokal pivə və ya çay, yemək süfrəsi arxasında komandalarına dəstək olmağa üstünlük verirlər.

Bu yaxınlarda Rusiyadan gələn bir tanışım “Qarabağ”ın oyunun izləmək üçün rezervatsiya eləməyin vacibliyini bilməyib.  “Qarabağ” – “Olimpiakos” görüşündən yarım saat əvvəl düşüb Əhmədli tərəfdə yer axtarmağa, hansı obyektə yaxınlaşıb deyiblər “boş yerimiz yoxdur”. Yazıq axırda naçər qalıb qayıdıb evdə futbola baxmışdı.

Bakının futbol, idman yarışlarına çox da önəm verməyən ən böyük pubları belə “Qarabağ”ın oyunu günü strategiyanı dəyişir. Götürək elə “Paulaner Baku”nu. Buranın əsas kontingenti heç də futbol matçlarını izləyən fanatlar deyil. Amma onlar da cümə axşamları xüsusi böyük zal ayırırlar və orda hər kəs böyük monitorda Azərbaycan klubunun oyununa baxa bilir.  Eyni şeyi “Beerbasha”, “City pub”, “Beer Hall” və şəhərin digər belə böyük pub, restoranları haqqında da demək olar.

Bir sözlə, sabah axşam evdə oturmaq istəmirsinizsə,  indidən yer axtarın, sonra gec olacaq.

ELNUR MƏMMƏDLİ 

 

Bənzər xəbərlər