“Qarabağ”ın nəticələri bizi qorxutmur” - Franko Foda
İsveçrənin “Sürix” komandasının baş məşqçisi Franko Foda UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan əvvəl fikirlərini bölüşüb.
Msport.az xəbər verir ki, Almaniyadan olan 56 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Qarabağ”ın əvvəlki oyundakı nəticəsi bizi qorxutmur. Rəqibimizin Polşa “Lex”inə qarşı Poznandakı matçını canlı izləmişdim. Bakıdakı matça da baxmışıq”.
Heyətlə bağlı problemlərinin olmadığını söyləyən Foda, İsveçrə çempionatında yeni mövsümün ilk turunda “Yanq Boyz”a 0:4 hesabı ilə uduzduqları matçdan da söz açıb: “Komandada ab-hava yaxşıdır. Son qarşılaşmamızda hesab oyuna görə olmadı. Penaltini boşa verdik. Hesabda önə də keçə bilərdik. Artıq həmin görüşü unutmuşuq. Tam olaraq sabahkı oyuna köklənmişik”.
“Sürix”in futbolçusu Mirlind Kryeziu isə bunları dilə gətirib:
“Qarabağ”ın son iki oyununu izləmişik. Topla oynamağı sevirlər. Rəqib topsuz da pressinq edə bilir. Bu komandanın zəif cəhətlərini bilirik”.
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sürix” matçına saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı cavab matçı isə iyulun 27-də keçiriləcək.