"Qarabağ"la cavab oyunu daha çətin olacaq" - Çexiya cəbhəsi belə düşünür
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında “Viktoriya Plzen”lə qolsuz bərabərə qaldı. Cütün taleyi Çexiyada keçiriləcək cavab oyununda həll olunacaq. Çexiya mətbuatı görüşün qəhrəmanı kimi İndrjix Staneki qeyd edir. Həmkarlarımızın fikrincə, qolkiperin seyvləri olmasaydı, hesab fərqli ola bilərdi.
Msport.az “Plzen Bakıdan ümidli dönür, “Qarabağ”la cavab oyunu daha çətin olacaq” yazısını təqdim edir:
“Plzen futbolçuları səfərdə “Qarabağ”la heç-heçə edərək Çempionlar Liqasının pley-off mərhələsini qənaətbəxş keçirdilər. Azarkeşlərin çoxu düşünürlər ki, “Viktoriya”nın yarımmilyardlıq bonusu əldə edib qrupa düşməsi məsələsi cavab oyununa kimi açıq qalır. Bir şeyi əlavə edim: Hesab ümidvericidir, ancaq sevinmək hələ çox tezdir. “Qarabağ” “Viktoriya”nın Çempionlar Liqasının ilkin təsnifat mərhələlərində gördüyü ən çətin rəqibdir. “Şerif”in də heyətində ayrı-ayrılıqda parlaq oyunçular çox idi, ancaq “Qarabağ”ın bir böyük fərqi var. Azərbaycan çempionu eyni zamanda kompakt oynayır, taktiki cəhətdən inkişaf ediblər və təcrübəlidirlər. Komandaya artıq 15-ci mövsümdür ki, “möhkəm əli” ilə təcrübəli Qurban Qurbanov rəhbərlik edir. “Şerif”dən fərqli olaraq, ayrı-ayrı fərdlər komanda oyununa tabe olurlar.
Məşqçi Mixal Bilek və köməkçiləri yenidən doğru taktiki plan qura bildilər. Komanda ardıcıl, aktiv müdafiə ilə “Qarabağ”ın hücum gücünü aradan qaldıra bildi. Stopper Yemelkanın müdafiənin sol cinahında yer alması da işə yaradı. Təbii ki, “Qarabağ” kimi keyfiyyətli rəqib hər halda qol vəziyyətləri yarada bildi. Ancaq fasilədən sonra onların ideyaları tükəndi. “Viktoriya” ustalıqla müdafiə olundu. Əlbəttə ki, sehrbaz Stankonun qapıdakı köməkliyi ilə. O, yenə də fantastik oyun göstərdi.
“Viktoriya”lılar Bakıda əldə olunan nəticəni müsbət qiymətləndirdilər. Bununla belə, onlar yaxşı bilirlər ki, yolun hələ yarısı keçilib. Anlayırlar ki, “Qarabağ” da Çempionlar Liqasının qrup mərhələsindən onlar qədər məsafədədir.
“Qarabağ”ın III təsnifat mərhələsində Bakıdakı 1:1-lik heç-heçədən sonra “Ferentsvaroş”u səfərdə 3:1 məğlub etməsini “Viktoriya” unutmamalıdır. Odur ki, həddindən artıq nikbinliyə əsas yoxdur. Çərşənbə axşamı “Doosan Arena”da keçiriləcək cavab matçı çox güman ki, Tofiq Bəhramovdakı oyundan daha çətin olacaq.