featured-image-7673

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Lex” şənbə günü Polşa Super Kuboku uğrunda matça çıxacaq. Msport.az xəbər verir ki, Poznan klubunun baş məşqçisi Con van den Brom “Rakov”la oyunda heyətdə dəyişikliklər olacağını deyib:

“Bizim geniş heyətimiz var. “Qarabağ”la görüşdən fərqli olaraq heyətdə dəyişikliklər olacaq. Lakin kimlərin oynayıb-oynamamasından asılı olmayaraq, kuboku qazanmaq istəyirik”.  Niderlandlı mütəxəssis qeyd edib ki, Super Kubok matçına ciddi yanaşırlar:  “Bu, təkcə klub üçün yox, mənim üçün də vacib oyundur.  Həm də biz doğma stadionda, öz azarkeşlərimiz qarşısında mübarizə aparacağıq. Biz qələbə üçün meydana çıxacağıq. Bilirəm ki, rəqibin heyətində çox şey dəyişməyib, həmin məşqçidir”.

“Lex” “Rakov”la Super Kubok oyununun təxirə salınmasını istəsə də, Polşa Futbol Federasiyası buna razılıq verməyib. Poznan klubu “Rakov”la görüşdən 3 gün sonra Bakıda “Qarabağ”a qarşı mübarizə aparmalı olacaq. Van den Bom heyətdə rotasiya edəcəyini deyib: “Heyətimiz genişdir. 22-23 futbolçu arasından seçim edə bilirəm. Məşqçilər korpusunun əsas işi komandanı düzgün hazırlamaqdır. Meydana kimin çıxmasından asılı olmayaraq, məqsəd bir olacaq, qalib gəlmək. Yaxşı ki, “Qarabağ”la ilk matçdan sonra heç kim zədə almayıb. Hər kəs meydanda mübarizə aparmağa hazırdır”.

“Lex”in baş məşqçisi “Qarabağ”la ilk görüş haqqında da fikirlərini bildirib:

“Bu matçda istədiyimiz kimi oynaya bilmədik. Lakin bu taktika ilə bağlı idi. Elə hesab edirəm ki, məşqçilər korpusu, futbolçular komanda olaraq yaxşı işlədik. Ancaq anlaylram ki, bu oyun tərzi nə klubun, nə də mənim DNK-da var”.

Xatırladaq ki, “Qarabağ”  “Lex”lə iyulun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq. İlk oyunda Polşa klubu 1:0 hesabı ilə qələbə qazanmışdı.

Bənzər xəbərlər