“Qarabağ” Plzenə yollandı - Kapitan yenə oynamayacaq
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Plzen “Viktoriya”sı ilə qarşılaşacaq “Qarabağ” bu gün Çexiyaya yola düşüb.
Msport.az xəbər verir ki, komandanın kapitanı Maksim Medvedev bu rəqiblə cavab oyununu da buraxacaq.
Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında bildirib. 50 yaşlı mütəxəssis təcrübəli müdafiəçinin fərdi hazırlığa yeni başladığını və hələ kollektiv çalışmalara qatılmadığını söyləyib.
Maksim Medvedev İsveçrədə “Sürix”lə 1:1 hesablı heç-heçə etdikləri 2-ci təsnifat mərhələsinin cavab oyununda zədələnib. Müdafiəçi bu səbəbdən, Macarıstan “Ferentsvaroş”una qarşı 3-cü təsnifat mərhələsinin matçlarını, həmçinin “Viktoriya” ilə ilk görüşü buraxıb.
Avqustun 23-də keçiriləcək “Viktoriya” – “Qarabağ” matçına Bakı vaxtı ilə 23:00-da start veriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk görüşdə hesab açılmayıb.