featured-image-25125

“Qarabağ”ın martın 26-da Bakı Olimpiya Stadionunda “Qalatasaray”la xeyriyyə matçında üz-üzə gələcəyi dəqiqləşdi. Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım məqsədi ilə keçiriləcək oyun saat 20:00-da başlayacaq. Görüş milli komandaların qarşılaşmaları ilə bağlı yaranan fasiləyə təsadüf edəcək. Bu isə o deməkdir ki, Ağdam klubu “sarı-qırmızılılar” qarşısına optimal heyətlə çıxa bilməyəcək.

Msport.az həmin vaxt Qurban Qurbanovun sərəncamında hansı futbolçuların olacağını müəyyənləşdirməyə çalışıb. Düzdür, hələ ki millimizin baş məşqçisi Canni De Byazi Avstriya və İsveçlə oyunlar üçün heyəti açıqlamayıb. Lakin indidən təxmin etmək olar ki, italiyalı mütəxəssis kimlərə dəvət göndərəcək.

Beləliklə, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Riçard Almeyda, Toral Bayramov, Elvin Cəfərquliyev, Musa Qurbanlı və Ramil Şeydayev böyük ehtimalla, yığmamızın düşərgəsində olacaqlar. Maksim Medvedevlə Filip Ozobiçin milliyə çağırılması sual altındadır. Ozobiç zədədən sonra hələ kifayət qədər oyun təcrübəsi toplamayıb, o, sağaldıqdan sonra 4 matçda forma geyinib. Lakin 31 yaşlı futbolçu heç bir görüşdə 90 dəqiqə oynamayıb. Ozobiç ən çox “Neftçi”yə qarşı 45 dəqiqə meydanda olub.

Maksimin də son vaxtlar klubda az oynaması və De Byazi ilə Qara Qarayev arasında yaranmış mübahisədə komanda yoldaşını dəstəkləməsi onun da yığmaya dəvət almaq şansını azaldır.

Əcnəbilərə gəlincə isə, Marko Veşoviç Monteneqro, Redon Cica isə Albaniya millisinə dəvət olunurlar.

Üstəlik heyətdə Şahruddin Məhəmmədəliyev, Marko Yankoviç, Abbas Hüseynov, Yassin Benzia kimi zədəli futbolçular da var. Bütün bunları nəzərə alanda Qurban Qurbanovun sərəncamında “Qalatasaray”la matç üçün çox az sayda futbolçu qalır.

Qapıçılar: Luka Quqeşaşvili, Amin Ramazanov.

Müdafiəçilər: Rahil Məmmədov, Kevin Medina, Maksim Medvedev, Qara Qarayev.

Yarımmüdafiəçilər: Adama Diakabi, Julio Romao, Leandro Andrade, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç.

AYXAN 

 

Bənzər xəbərlər