"Qarşıdakı iki oyunda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik" - Slovakiya millisinin hücumçusu
Slovakiya millisinin və “Boavişta” klubunun hücumçusu Robert Bojenik Millətlər Liqasında Azərbaycan seçməsi ilə oyundan əvvəl fikirlərini bildirib.
Msport.az “sport.sk”ya istinadən xəbər verir ki, 22 yaşlı futbolçu qarşıdakı matçların onlar üçün çox vacib olduğunu deyib:
“Şübhəsiz ki, həm Azərbaycan, həm də Belarusla oyunlar çətin keçəcək. Yaxşı bilirik ki, həm performans, həm də əldə olunan nəticələr baxımından son dövr bizim üçün ideal deyildi. İndi bu vəziyyətdən çıxmalıyıq. Bütün bunların bizə pis təsir etmədiyini göstərmək üçün yaxşı imkanımız var. Qarşıdakı iki oyunda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.
Bu gün bütün fikrimizi Azərbaycanla oyuna yönəltmişik. Məqsədimiz yeni məşqçinin rəhbərliyi altında millinin yeni səhifəsinə uğurla addımlamaqdır. Yenə də təkrar edirəm, tədricən layiq olduğumuz yerə qayıtmalıyıq”.
Qeyd edək ki, Trnavada keçiriləcək Slovakiya – Azərbaycan qarşılaşması bu gün saat 22:45-də start götürəcək.