featured-image-11797

“Kəpəz”də qeyri-müəyyənlik davam edir. Şahin Dinyev Gəncə klubunun sükanı arxasına keçməkdən imtina etdi. İndiyədək iki dəfə Gəncədə işləmiş Diniyev qərarını klubun şərtlərinin onu qane etməməsi ilə əsaslandırıb. O, təkcə maliyyə məsələləri deyil, infrastruktur və başqa problemlərin də olduğunu deyib.

Görünən budur ki, indi heç bir mütəxəssis “Kəpəz”in ağırlığının altına girmək istəmir. Komandanın öz meydanında oynamaması, heyətin istənilən kimi komplektləşdirilməməsi, üstəlik də azarkeşlərin və veteranların təzyiqi.

“Kəpəz”i işləmək baxımıından çətinliyinə görə “Neftçi” ilə müqayisə etmək olar. Hər iki klubda baş məşqçilər, rəhbərlik daim təzyiq altında olur. Nəticələr bir az pisləşən kimi tənqidlər başlayır. Veteranlar, klubda marağı olan insanlar, əvəllər burda çalışmış şəxslər hərənin ağzından bir avaz gəlir. Xüsusən də azarkeş amili. Biz “Neftçi”də dəfələrlə azarkeşlərin təzyiqi ilə baş məşqçilərin istefaya göndərilməsinin şahidi olmuşuq. İndi eyni mənzərə “Kəpəz”də yaşanır.

Bir tərəfdən də gəncəli veteranlar. Vaxtilə “Kəpəz”də oynamış Firuz Qulami deyir ki, baş məşqçi təyin edəndə bizimlə məsləhətləşməlidirlər. Mən təsəvvür edə bilmirəm ki, Florentino Peres “Real”a məşqçi gətirəndə Uqo Sançeslə, Miçellə və ya Raulla məsləhətləşsin. Deyə bilərsiniz ki, axı Peres öz pulunu xərcləyir, bizdə isə dövlətin ayırdığı maliyyə sayəsində bu komandalar ayaq üstə qalır. Bununla mən də razı. Hərçənd, həmin o 3 milyon da hələ klubların hesabına köçməyib deyə, hərə bir cür başını girəliyir.

Bir məsələ də var, həmin veteranlar nə vaxt Gəncə şəhər rəhbərliyinin qarşısında məsələ qaldırıblar ki, stadion bu vəziyyətdədir, bir əncam çəkin? Əhalisi yarım milyona yaxınlaşan şəhərin əsas arenası məgər belə olmalıdır? Niyə Firuz Qulamidən tutmuş, Fazil Pərvərov, Tofiq Məmmədova kimi veteranlar gedib şəhərin rəhbəri Niyazi Bayramova demirlər ki, “ay cənab başçı, bəlkə siz də bir hərəkətə gələsiniz?

Amma məşqçi təyin etmək məsələsi olanda hamı çayxanadan bəyanat verir ki, bizim də rəyimizi almalıdırlar. “Kəpəz” veteranları hələ də eyforiyada yaşyırlar, elə bilirlər klubun mərhum prezidenti Rza Məmmədovun vaxtıdır. Baş məşqçi kimə barmağını tuşlasa, transfer ediləcək, klubun büdcəsi də hamıdan çox olacaq. Amma dövran o dövran deyil, vəziyyət dəyişib və reallıqla barışmaq lazımdır. Reallıqsa odur ki, indiki vəziyyətdə hər adam gəlib “Kəpəz”də işləmək istəmir.

AYXAN 

 

 

Bənzər xəbərlər