featured-image-34213

“Konfrans Liqasındakı 3 iştirakçımız arasında ən az şans “Qəbələ”də görünürdü. Çünki kağız üzərində rəqib çox güclü idi”.

Bunu Msport.az saytına açıqlamasında tanınmış menecer Səbuhi Səfiyarlı deyib. Ekspert ötən gün Konfrans Liqasında mübarizəyə başlayan “Qəbələ” və “Neftçi”nin oyunlarını analiz edib.

Səfiyarlı söhbətə “qırmızı-qaralar”ın evdə “Omoniya”ya 2:3 hesabı ilə uduzduğu qarşılaşmadan başlayıb: “Heyətinə, büdcəsinə və təcrübəsinə görə “Omoniya” favoritdir. Amma oyunun əvvəlində erkən qol vurmaq, rəqibdən geri qalmamaq göstərdi ki, “Qəbələ” bu komanda ilə ən azı evdəki oyunda başabaş mübarizə apara bilər. Bir az bu təəssüfləndirir ki, şans var idi, amma istifadə edə bilmədilər. Qapıçının və hakimin kobud səhvlərindən qollar buraxdılar. Çünki standart vəziyyətdən 2 oxşar qol buraxmaq Atanqananın təcrübəsizliyindən və bu səviyyədə oynamağa hazır olmamasından irəli gəlir. Amma oyun baxımından “Qəbələ” göstərdi ki, yeni mövsümdə də avrokuboklara vəziqə uğrunda mübarizədə yenə də əsas söz sahiblərindən biri olacaq. Dünənki matçda gənc oyunçularda həyəcan hiss olunurdu. Amma çempionat oyunlarında bu gərginlik olmayacaq, fərdi səhvlərin sayı da azalacaq. Yeni gələn oyunçuların uyğunlaşması üçün kifayət qədər vaxt olmayıb. Çempionatda bu problem də aradan qalxacaq. Komanda Premyer Liqaya daha hazırlıqlı olacaq”

Menecerin sözlərinə görə, məğlubiyyət “Qəbələ”nin avrokuboklarda növbəti mərhələ şanslarını azaldıb: “Qələbə, ən azından heç-heçə hesabını qoruyub saxlaya bilsəydilər, səfərdə nəyəsə ümid etmək olardı. Digər komandalarımızla müqayisədə ən çətin səfər məhz “Qəbələ”nin payına düşəcək. Çünki Kiprdə azarkeş dəstəyinin hansı səviyyədə olduğunu, bizə qarşı necə hazırlaşdıqlarını yaxşı bilirik. Ona görə də komandamızın mərhələ keçməyi çox çətin olacaq”.

Səfiyarlı Bosniya və Herseqovinada “Jelezniçar”la 2:2 hesablı heç-heçə edən “Neftçi” haqqında isə bunları sözləyib: “Neftçi” təcrübəsinə və heyətinə görə rəqibindən üstün idi. Amma yeni baş məşqçi və oyunçular amili, komanda oyununun hələ formalaşmaması öz sözünü dedi. Komanda tam olaraq öz oyununu göstərə bilmədi. Lakin rəqibin səviyyəsi o dərəcədə deyil ki, “Neftçi”yə problem yaratsın. Bu baxımdan “ağ-qaralar”ın bəxti gətirdi. Çünki “Neftçi” “səpələnmişlər”dən gəlmişdi. Ən azı bu səviyyədə rəqiblə düşəcəyi gözlənilirdi ki, belə də oldu. Daha səviyyəli, məsələn, “Omoniya” kimi komanda olsaydı, Bakı klubunun işi çətin olardı. İndiki vəziyyət isə komandanın xeyrinə oldu. Premyer Liqa öncəsi iki oyun “Neftçi” üçün yerinə düşəcək. Məşq prosesində yeni baş məşqçi, yeni heyət bir-birilərini daha yaxşı tanıyacaq. Bu mərhələni keçmək şansı böyükdür. Amma təəssüf ki, III raundda qat-qat güclü rəqiblə düşəcək. “Beşiktaş” yox, başqa komanda olsaydı, bəlkə də pley-off barədə düşünmək olardı. İndiki halda isə “Beşiktaş”a qarşı bu heyətlə oynamaq çox çətin olacaq. Amma “Jelezniçar”ı keçməsələr, öz günahları olacaq. Onsuz da “ağ-qaralar”ı bu cütün favoriti sayırdıq. Dünənki oyun da bunu göstərdi”.

Qeyd edək ki, hər iki komanda cavab oyununu avqustun 3-də keçirəcək.

Bənzər xəbərlər