"Qəbələ" Utziqlə anlaşdı, Vukçeviç və Nicat Mehbalıyev məsələsi açıq qalır
UEFA Konfrans liqasında mübarizə aparacaq “Qəbələ” daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.
Msport.az xəbər verir ki, Elmar Baxşıyevin komandası Rafael Utziqlə ortaq məxrəcə gəlib. Braziliyalı hücumçu son mövsümdə Azərbaycan Premyer Liqasında 26 oyunda 6 qol vurub. “Qəbələ” yaxın günlərdə 25 yaşlı futbolçu ilə müqavilənin uzadılmasını rəsmən açıqlayacaq.
Stefan Vukçeviçlə bağlı məsələ isə hələ açıq qalır. Monteneqrolu yarımmüdafiəçi yeni müqaviləyə imza atmayıb. O, ötən mövsümlə müqayisədə əməkhaqqının xeyli artırılmasını istəyir. Tərəflər arasında danışıqlar davam edir.
“Qəbələ”də qaranlıq qalan məsələlərdən biri də Nicat Mehbalıyevlə bağlıdır. 21 yaşlı qapıçı “qırmızı-qaralar”da icarə əsasında çıxış edirdi. İndi isə “Sabah” qolkiperi geri qaytarmaq istəyir. Klublar icarənin uzadılması ilə bağlı razılığa gəlməsələr, əyalət komandası təcili yeni qapıçı axtarışlarına çıxmalı olacaq.