“Qırmızı vərəqə planlarımızı pozdu” - Ayxan Abbasov
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 1-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Msport.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Tovuza böyük futbol qayıtdı. Atmosfer möhtəşəm idi. Azarkeşlər əla idi. “Turan”ı, tovuzluları təbrik edirəm. “Qəbələ” bu il Avropa Konfrans Liqasında oynayıb. Daha hazırlıqlı idilər. Bilirdik ki, çətin olacaq. Səbirli olub, düzgün təməl qoyub, yaxşı komanda qurmaq istəyirik. Çatışmazlıqlar var. Heyəti tam komplektləşdirmək istəyirik. Oyuna pis başlamamışdıq. Qırmızı vərəqə planlarımızı pozdu. Ümumən ruhdan düşmək lazım deyil. Bu il səbirli olub komandanı inkişaf etdirməliyik. Bu il asan olmayacaq. Oyunçu gətirməkdə çətinllk çəkirik. Natan Oduva da bu gün oynaya bilmədi. İstəyirik komandada rəqabət olsun. Daha 3 oyunçu gətirməyi düşünürük”.







